YAP Səbail “Uşaq vərəmi həkimləri” (11 saylı Uşaq Ağ Ciyər Xəstəlikləri Xəstəxanası) ərazi ilk partiya təşkilatında iclas keçirildi

02 oktyabr 2017-ci il tarixində YAP Səbail “Uşaq vərəmi həkimləri” (11 saylı Uşaq Ağ Ciyər Xəstəlikləri Xəstəxanası) ərazi ilk partiya təşkilatında iclas keçirildi. Gündəlikdə Bəxtiyar Qarayevin iş yerini dəyişdirməsi ilə əlaqədar “Uşaq vərəmi həkimləri” ərazi ilk partiya təşkilatının sədri vəzifəsindən azad olunması ilə bağlı müraciəti və yeni sədrin seçilməsi məsələsi müzakirə edildi.

İclasda YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, xəstəxanın baş həkimi Nəriman Həsənov və ərazi ilk partiya təşkilatının qeydiyyatında olan partiya üzvləri iştirak etdilər.

İclası açıq elan edən Z.Bayramov YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, Bakının mərkəz rayonlarından biri olan Səbail rayonunu əhatə edən və respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya təşkilatının qeydiyyatında hazırda 114 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Fərəhləndirici haldır ki, ölkə rəhbəri, partiyamızın Sədri cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə başda olmaqla bu gün YAP Səbail rayon təşkilatının sıralarında 25 mindən çox partiya üzvü cəmləşmişdir. 66% gənclərin üstünlük təşkil etdiyi Səbail rayon partiya təşkilatı qabaqcıl və nümunəvi rayon təşkilatlarından olmaqla yanaşı, son illərdə bir çox diqqətçəkən işlərə və birgə layihələrə imza atmışdır.

Bu il Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdıran Aparat rəhbəri, partiyamızın 25 il ərzində keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs etdi. Bakı şəhərində bu istiqamətdə fəaliyyət göstərən tək xəstəxana olan 11 saylı Uşaq Ağ Ciyər Xəstəlikləri Xəstəxanasında 1995-ci ildə yaradılmış “Uşaq vərəmi həkimləri” ərazi ilk partiya təşkilatının da kifayət qədər siyasi təcrübəsinin olduğunu və hər zaman partiya vəzifələrinin yerinə yetirilməsi ilə bağlı xüsusi məsuliyyəti və diqqəti ilə fərqləndiyini vurğulayan Z.Bayramov həkimləri rayonumuzun və respublikamızın ictimai-siyasi həyatında daha da fəal olmağa səslədi.

Çıxış edən xəstəxananın baş həkimi N.Həsənov ərazi ilk partiya təşkilatının siyasi fəaliyyəti, təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, xüsusən bütün ümumxalq seçkilərində və səsvermə prosesində yaxından iştirak etdikləri barədə danışdı. 1995-ci ildə ərazi ilk partiya təşkilatının yarandığı dövrdə yaşadıqları çətinliklərdən və əqidələri, YAP ideologiyası uğrunda apardıqları şərəfli mübarizədən bəhs edən N.Həsənov ərazi ilk partiya təşkilatı üzvlərinin bu gün də cənab Prezident, YAP-ın Sədri İlham Əliyevin siyasətini qəlbən dəstəklədiklərini dilə gətirərək, ölkə başçısının Azərbaycan səhiyyə sisteminə göstərdiyi diqqət və qayğıdan danışdı.

Daha sonra iclas iştirakçıları “Uşaq vərəmi həkimləri” ərazi ilk partiya təşkilatının yeni sədri vəzifəsinə həkim-fizioterapevt Ulduz xanım Məmmədovanın namizədliyini irəli sürdülər. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. U.Məmmədova ona göstərilmiş yüksək etimada görə təşəkkür edərək, bildirdi ki, ərazi ilk partiya təşkilatı bundan sonra da fəal siyasi fəaliyyətlə məşğul olmağa və partiya vəzifələrini, partiya sədrinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməyə davam edəcəkdir.

İclasa yekun vuran Z.Bayramov “Uşaq vərəmi həkimləri” ərazi ilk partiya təşkilatının üzvlərini YAP Səbail rayon təşkilatının YAP-ın 25 illik yubileyinin qeyd olunması ilə bağlı hazırlamış olduğu geniş tədbirlər planı haqqında məlumat verdi və iclas iştirakçılarını bütün tədbirlərdə yaxından iştirak etməyə dəvət etdi.