Səbail rayonu 49 nömrəli məktəb-liseydə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olan Nicat Şükürlünün büstünün açılış mərasimi keçirildi

İyunun 10-da Şəhid Rəfael Hüseynov adına 49 nömrəli məktəb-liseydə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına Şəhid olan Nicat Şükürlünün büstünün açılış mərasimi keçirildi. Tədbirdə Səbail RİH başçısı Vüqar Zeynalov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, deputat Nigar Arpadarai, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Rövşən Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailəsi, şəhidin əsgər yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Əvvəlcə, bütün Şəhidlərimizin əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Şəhidin büstü önünə gül dəstələri qoyuldu.

Tədbirdə qeyd olundu ki, Şəhid Şükürlü Nicat Ayaz oğlu Səbail rayonunda doğulub, 1998-2009-cu illər ərzində 49 saylı məktəb-liseydə, 2014-2019-cu illərdə Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində ali təhsil alıb, döyüşlərə 29 yaşında qatılan Şəhid subay idi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 12-də şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. O, Badamdar qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Tədbirdə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edən RİH başçısı Vüqar Zeynalov qeyd etdi ki: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini nümayiş etdirdi, şəhidlərimizin qanı yerdə qalmamışdır”. Ölkə başçısının Şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıran RİH başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirdi.

Şəhid Nicat Şükürlünün büstünün təhsil aldığı və Şəhid Rəfael Hüseynov adına 49 nömrəli məktəb-liseydə ucaldılmasının fərəhli və şərəfli hadisə olduğunu vurğulayan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Şanlı Qarabağ Zəfərindən qürurla danışdı. Qeyd olundu ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə həkk olunan bu qəhrəmanlıq dastanını yazanlar sırasında Şəhidlərimizin, Nicat kimi cəbhəyə könüllü yollanan və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda edən igid oğullarımızın misilsiz xidmətləri olmuşdur. Nicatın tərbiyə aldığı, yüksək vətənpərvərlik ruhunda böyüyərək məzun olduğu 49 nömrəli məktəb-liseyin 7 Şəhidi var. Birinci Qarabağ müharibəsində 4 Şəhid verən məktəbin İkinci Qarabağ müharibəsində 3 Şəhidi oldu. Azərbaycan xalqı bu fədakar oğullarımızın qəhrəmanlığını əbədi yaşadacaq və bu məktəbdə təhsil alan yeni nəsillər Rəfael, Nicat kimi igid, cəsur oğullardan nümunə götürərək Vətənə, dövlətə layiqincə xidmət edəcəklər.

Ş.Hacıyev vurğuladı ki, Vətən müharibəsi günlərində Azərbaycan Ordusu döyüş meydanında düşməni sözün əsl mənasında darmadağın etdi, bütün erməni yalanlarını, miflərini dağıtdı. Bütün Şəhidlərimizin, o cümlədən Nicatın, Rəfaelin ruhu bu gün şaddır, çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, uğrunda qan tökülən, canlar verilən Şanlı üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan əsgəri Şəhidlərimizin qanını yerdə qoymadı, bütün Şəhidlərimizin, günahsız qurbanların qisası artıqlaması ilə alındı.

Səbail rayonunda Şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışan Ş.Hacıyev bu istiqamətdə Səbail rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının davamlı və həssas fəaliyyətini xüsusi qeyd etdi.

Ş.Hacıyev Şəhidimizin ailəsinə Allahdan səbr dilədi və Nicatın qəhrəman valideynlərinə, kiçik bacısına məğrur durmağı arzuladı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu olduğunu bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri ölkəmizdə, o cümlədən Səbail rayonunda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksəkdə dayandığını vurğuladılar. Şəhidlərimizə xüsusi diqqət ayırılır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşılır.

Şəhidin ailə üzvləri Şəhid ailələrinin, qazilərimizin hər zaman olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatələndiyini bildirərək, göstərilən diqqətə və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiyalar nümayiş olundu.

Qeyd edək ki, məktəb-liseyin foyesində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və qəhrəman qazilərin xatirəsinə həsr olunan bölmələr yaradılıb. Birinci bölmə Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhid olan məzunların, II və III bölmə Vətən müharibəsində iştirak edən məzunların stendlərindən ibarətdir. IV bölmədə “Qarabağ Azərbaycandır!” şüarı və işğaldan azad edilmiş rayonlarımızın xəritələri, işğaldan azad olunma tarixləri, rayonların ərazisi, “Dəmir yumruq” və hər rayonun azad olunan zaman Müzəffər Ali Baş Komandanın dediyi sitatlar göstərilib. Foyedə həm də məktəbin adını daşıdığı Birinci Qarabağ Müharibəsi Şəhidi Rəfail Hüseynovun və Vətən müharibəsi Şəhidi Nicat Şükürlünün büstləri qoyulub.