Səbaildə tələbə adı qazanan gənclərlə görüş.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Tədbirin əvvəlində vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Azərbaycanın gələcəyi, elminin, təhsilinin daim yüksək səviyyədə olması üçün savadlı gənclərə ehtiyac var: “Elm və təhsil hər zaman dövlətimizin prioritet məsələlərindən olub. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait hər il daha da artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın təbii sərvətləri çox olsa da bu sərvətlər səmərəli şəkildə istifadə olunmalıdır. İnsan kapitalının yetişdirilməsi xalqın, dövlətin nüfuzunun artmasına təkan verən amillərdəndir. Ölkəmizə yüksək intellektli, bacarıqlı gənclər lazımdır”.

Çıxış edənlər – Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, “91”-lərin nümayəndəsi Hacan Hacıyev, Allahverdi Hacıyev, rayon təşkilatının veteran üzvü Rizvan Vahabov ali məktəblərə yüksək balla qəbul olan gəncləri təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzu ediblər. Ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq bağçaları, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Yüksək bal toplayan 132-134 nömrəli məktəbin məzunu Xalidə Qafarova və 6 nömrəli tam orta məktəbin məzunu Səfəralı Həsənli çıxış edərək qazandıqları uğurdan danışıblar.

Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlara hədiyyələr, rayon təşkilatının fəalı İlkin Əsgərzadəyə isə fəxri fərman təqdim olunub.