“Neftçilər prospekti 2” ərazi partiya təşkilatında YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Noyabrın  17-də “Neftçilər prospekti 2” ünvanında yerləşən ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkədə aparılan düzgün siyasət, 30 ildir fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, həyata keçirilən uğurlu islahatlar haqqında çıxış edib. M.Nağıyev əsası Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin sədrliyi ilə daha da irəliləyən Yeni Azərbaycan Partiyasının hər bir üzvünü fəal olmağa çağırıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin bu gün də  layiqli şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri  İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir, vətəndaş-dövlət əlaqələrini daha da gücləndirir.

“Neftçilər prospekti 2” ərazi partiya təşkilatının sədri Rəşad Hüseynov çıxışında müstəqil Azərbaycanın inkişafı istiqamətində Yeni Azərbaycan Partiyasının da mühüm işlər gördüyünü qeyd edərək, bundan sonra da dövlətimizin, Prezidentimizin həyata keçirdiyi fəaliyyətə sadiq olacaqlarını bildirib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının xalqımızı ulu öndərin ideyaları ətrafında sıx birləşdirərək, ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib.

Sonda partiyanın həyatında fəallıq göstərən bir qrup üzvlərə fəxri fərmanlar  təqdim olunub.