Səbail rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutu ilə anılmasıynan başlanılıb.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu faciənin Azərbaycan tarixində unudulmaz yer tutduğunu, yaşından asılı olmayaraq şəhid olan vətəndaşlarımızın vətəninin azadlığı uğrunda canlarından keçdiyini bildirib. Dövlətimiz və xalqımızın şəhidlərimizi heç zaman unutmayacağını bildirən Muxtar Nağıyev onların müstəqilliyimizin əldə olunması istiqamətində onların ilk şəhidlərimiz olduğunu qeyd edib.
Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova çıxış edərək faciə haqqında fikirlərini bildirib, dövlətimiz və prezidentimiz tərəfindən 20 Yanvar şəhidlərinin ailə üzvlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin müəllimi Cəbi Bəhramov faciənin Bakı ilə yanaşı bölgələrimizdə də amansızcasına həyata keçirildiyini, lakin Azərbaycan xalqının mübarizliyi qarşısında faciə səbəbkarlarının geri çəkildiyini, Şəhidlər Xiyabanının Azərbaycan xalqının müqəddəs ziyarətgah məkanına çevrildiyini qeyd edib.
“20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri Maral Zamanova çıxış edərək qanlı faciəni ötən əsrin ən qanlı hadisələrdən biri olduğunu, yüzlərlə dinc əhalinin amansızcasına qətlə yetirildiyini söyləyib.

20 Yanvar Şəhidləri Aslan Ağaverdiyevin nəvəsi Aslan Əzimzadə və Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşkinçapaqani çıxış edərək hər zaman şəhidləri diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyevə və dövlətimizə minnətdarlıqlarını bildiriblər.