“Səbail rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.”

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş film tədbir iştirakçılarına təqdim edilib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bildirib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü işlər aparılır.

Çıxış edən Polis mayoru, veteran Rəhman İsmayılov bildirib ki, qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq Xocalı soyqırımı qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanını yerdə qoymadı.

Birinci Qarabağ müharibəsi veteranı Altay Babayev çıxış edərək söyləyib ki, Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi hər il böyük ehtiramla yad edilir. On minlərlə insanın qatıldığı ümumxalq yürüşləri soyqırımı qurbanlarının xatirəsinə göstərilən ehtiramın əyani nümunəsinə çevrilir. Bu ümumxalq yürüşləri həm də dünyaya bir çağırışdır. 

Xocalı hadisələrinin şahidi Salatın Əhmədova çıxışında dövlətin hər daim onları unutmadığını bildirib, göstərilən diqqət və qayğıya görə dövlətimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlığını ifadə edib.