Yeni Azərbaycan Partiyası  Səbail rayon təşkilatında Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu haqqında geniş məlumat verib. Qeyd edib ki, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. 

Tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə tanınmış oftalmoloq-alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə tədbir iştırakçılarına məlumat verib. Qeyd edib ki, Azərbaycan xanımlarının zərifliyinin və qayğıkeşliyinin mücəssiməsi olan Zərifə Əliyeva öz nurlu siması, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacaq. Görkəmli oftalmoloq alim Zərifə Əliyeva bütün elmi fəaliyyəti boyu Azərbaycan oftalmologiyasına böyük töhfələr verib.

Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva qeyd edib ki, Zərifə xanım Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimdir. O, Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlardan və  Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini bildirib. 

Tədbirdə çıxış edən “91-lər”in nümayəndəsi Novruz Quliyev, Yeni Azərbaycan Partiyası veteranı Rizvan Vahabov, partiya fəalı Təranə Kərimova, qazi Altay Babaşov Akademik Zərifə Əliyevanın Azərbaycana verdiyi töhfələrdən danışaraq, böyük alimin xalqımız qarşısında xidmətlərini yüksək dəyərləndiriblər. 

Qeyd edilib ki, görkəmli alim Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.