Tarix

IMG_3500 - копия

Bakı şəhərinin mərkəz rayonunda fəaliyyət göstərən, rayon təşkilatları arasında yüksək nüfuza sahib olan, zəngin ictimai-siyasi fəaliyyəti ilə seçilən, mühüm dövlət və hökumət qurumlarının ərazi ilk partiya təşkilatlarını özündə ehtiva edən YAP Səbail rayon təşkilatı Yeni Azərbaycan Partiyasının mühüm tərkib hissəsidir.

1993-cü ilin yanvar ayında Səbail rayonunun Yeni Azərbaycan Partiyası təəssübkeşləri tərəfindən yaradılmış təşkilat komitəsi rayonda partiya təşkilatını yaratmaq məqsədilə rayon partiya təşkilatının təsis konfransına hazırlıq işinə rəhbərlik etmiş, müəssisələrdə, təşkilatlarda və yaşayış sahələrində ərazi prinsipi əsasında ərazi ilk partiya təşkilatlarını yaratmışlar. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 21 fevral 1993-cü il tarixində keçirilmiş ilk təsis konfransında 140 nümayəndə iştirak etmişdir.

YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından və həmfikirlərindən biri olan, respublikamızın azadlığı və müstəqilliyi uğrunda xüsusi xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri olan professor Zahid Qaralov təsis konfransında yekdilliklə YAP Səbail rayon təşkilatının sədri seçilmiş və 1993-2014-cü illər ərzində rayon partiya təşkilatına uğurla rəhbərlik etmişdir.

Təsis olunduğu gündən indiyədək YAP Səbail rayon təşkilatının ideoloji və təşkilati baxımdan mühüm əhəmiyyətə malik 11 hesabat-seçki konfransı keçirilmişdir.

05 iyun 2015-ci il tarixində rayon partiya təşkilatının X hesabat-seçki konfransında partiya nümayəndələrinin yekdil qərarı əsasında millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev YAP Səbail rayon təşkilatının sədri seçilmişdir və təşkilata 05.06.2015-10.09.2021-ci il tarixlərində rəhbərlik etmişdir.

10 sentyabr 2021-ci il tarixində YAP İdarə Heyətinin qərarı ilə Muxtar Nağıyev YAP Səbail rayon təşkilatının sədri təyin olunmuşdur.

28 illik mövcudiyyəti dövründə əməli fəaliyyətini daim Partiyanın Nizamnaməsi və Proqramının tələbləri əsasında quran rayon partiya təşkilatı, hər zaman respublikanın Konstitusiyasını və qanunvericiliyini rəhbər tutmuş, YAP-ın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin, həmçinin partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişləri, ideyaları və tövsiyələrindən bəhrələnərək Səbail rayonunun partiya həyatının ən müxtəlif sahələrini əhatə edən xeyli faydalı işlər görmüş və uğurlar qazana bilmişdir.

Həyata keçirilən geniş miqyaslı təbliğat və təşviqat işlərinin nəticəsində rayon qeydiyyatında duran ərazi ilk partiya təşkilatlarının sayı 1993-cü ildə 40 təşkilatdan 2021-ci ildə qeydə alınmış 122 təşkilata, üzvlərinin sayı isə 1258 nəfərdən 27 min 432 nəfərə çatmışdır. Hazırda təşkilat üzvlərinin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir.

Səbail rayonu Bakı şəhərinin mərkəzi və yüksək səviyyəli intellektual, elmi-pedaqoji potensiala malik rayonu olmaqla, ölkənin ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarını, respublikanın əksər nazirliklərini, bir sıra təhsil müəssisələrini və digər icra strukturlarını özündə birləşdirir. Rayon partiya təşkilatı tərəfindən bu ərazidə yerləşən təşkilatlarda, kollektivlərdə, idarə və müəssisələrdə ilk partiya təşkilatlarının yaradılması və partiya sıralarına yeni-yeni təəssübkeşlərin cəlb edilməsi istiqamətində mütəşəkkil qaydada işlər görülmüşdür və görülməkdədir. Partiyanın “Qızıl Fondu” adlandırılan “91-lər”in əksəriyyəti bu rayonda yaşayır, işləyir, rayon partiya təşkilatının qeydiyyatındadır. Ötən dövr ərzində rayon təşkilatının apardığı məqsədyönlü və ardıcıl fəaliyyətin nəticəsidir ki, rayon təşkilatının qeydiyyatındakı üzvlərin sayı həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli artmış, partiya sıralarına qəbul olunan üzvlər arasında gənclər üstünlük təşkil etmişlər.

Fəaliyyət göstərdiyi illər ərzində Səbail rayon təşkilatı hər zaman ölkənin ictimai-siyasi həyatında səmərəli işi ilə seçilmiş, təşkilat üzvlərinin nəinki Səbail rayonu ərazisində, həm də respublika miqyasında keçirilən müxtəlif tədbirlərdə, kütləvi təbliğat işlərində xüsusi fəallığı qeydə alınmışdır. Səbail rayon partiya fəalları bütün respublikamiqyaslı tədbirlərdə – Prezident seçkilərində, referendumda, Milli Məclis və bələdiyyə seçkilərində, seçki-təşviqat kampaniyalarında yaxından iştirak etmiş, yüksək faəllıq nümayiş etdirmişlər.

Bu zamana qədər ölkəmizdə keçirilmiş bütün Prezident, Parlament, Bələdiyyə seçkilərində və ümumxalq səsvermələrində YAP Səbail rayon təşkilatında seçki qərargahları yaradılmış və seçki ilə bağlı MSK-nın səlahiyyətlərinə daxil olmayan bütün təşkilati işlər qərargah tərəfindən təşkil olunmuşdur. Rayon Şurası və İdarə Heyətinin qərarları əsasında müvafiq fəaliyyət planları tərtib olunmuş, uğurla icra olunmuş, rayon təşkilatı tərəfindən keçirilən təbliğat-təşviqat kampaniyalarına millət vəkilləri, yazıçılar, mədəniyyət və incəsənət xadimləri, tanınmış mütəxəssislər cəlb olunmuşlar. Hər seçkinin yekunlarına əsasən YAP Səbail rayon təşkilatının seçki qərargahının və təbliğat-təşviqat qrupunun üzvləri, Səbail rayonu üzrə seçkilərdə xüsusi fəallıq göstərən partiya fəalları, rayonun idarə və təşkilatlarının nümayəndələri rayon partiya təşkilatının Fəxri Fərmanları və təşəkkürnamələri ilə təltif olunmuşlar.

2013-cü ilin 09 oktyabr tarixində keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ilə bağlı rayon təşkilatında seçki qərargahı yaradılmış, seçki gününədək və seçki günü daxil olmaqla bütün vəzifə və tapşırıqlar layiqincə yerinə yetirilmişdir. Rayon seçiciləri arasında seçki maarifləndirilməsinin gücləndirilməsi məqsədilə təbliğat-təşviqat qrupları yaradılmışdır. Təşkilatda rayon əhalisinin və ictimaiyyətin bütün təbəqələri, xüsusən gənclər nəzərə alınmaqla təbliğat qrupları formalaşdırılmışdır. Seçkinin İlkin, Əsas və Yekun mərhələlərində nəzərdə tutulan bütün tədbirlər vaxtlı-vaxtında icra olunmuşlar. Seçicilərin qərargah üzvləri, İdarə Heyətinin üzvləri və Prezidentin vəkilləri ilə çoxsaylı görüşləri təşkil olunmuş və güclü maarifləndirmə işləri aparılmışdır. Seçki gününün səhərisi tədbirlər planına uyğun olaraq bütün məntəqələrdən müşahidəçi protokolları və məntəqənin öz protokolunun bir nüsxəsi yığılaraq YAP Mərkəzi Aparatına təhvil verilmişdir.

2014-cü ilin 23 dekabr tarixində keçirilmiş Bələdiyyə seçkilərində rayon üzrə 41 bələdiyyədə təmsil olunmaq üçün namizədlər qeydə alınmış, bu namizədlərin böyük əksəriyyəti gənclər və qadınlar olmuşlar. Tədbirlər planına əsasən Səbail rayonunda YAP-dan bələdiyyə üzvlüyünə namizədlərlə çoxlu sayda görüşlər keçirilmiş, bu görüşlərdə seçicilərə yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu və gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilmişdir.

2015-ci ilin 01 noyabr tarixində keçirilmiş V çağırış Milli Məclis seçkilərində Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsi üzrə vahid namizədi YAP Səbail rayon təşkilatının sədri Hacıyev Şəmsəddin Hümmət oğlu olmuşdur. Seçki kampaniyası çərçivəsində YAP Səbail rayon təşkilatında seçki qərargahı yaradılmış, qərargah üzvləri arasında iş bölgüsü aparılmış, seçki dairəsi və məntəqələr üzrə komissiya üzvləri və müşahidəçilərin üçün müvafiq təlimlərin keçirilmiş, qadınların və gənclərin seçki kampaniyasına fəal cəlb olunması təmin olunmuşdur. Seçki kampaniyası çərçivəsində bütün ictimai təbəqələri təmsil edən seçicilərlə görüşlər keçirilmiş, seçkini poza biləcək təbliğat kampaniyalarına qarşı əks təbliğat işləri gücləndirilmiş, bu məqsədlə sosial şəbəkələrin imkanlarından geniş istifadə olunmuşdur. YAP Səbail rayon təşkilatı seçki kampaniyası zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərərək seçkilərdə qələbənin təmin edilməsi işinə öz töhfəsini vermişdir.

2016-cı ilin 26 sentyabr tarixində keçirilmiş Referendum ilə bağlı təşviqat kampaniyası rayon təşkilatı tərəfindən yüksək fəallıqla keçirilmiş, təşviqat kampaniyası çərçivəsində təsdiq olunmuş qrafikə uyğun olaraq rayon sakinləri ilə, ziyalılarla, partiya veteranları ilə, qadın seçicilərlə, gənclərlə, ilk dəfə səs verəcək gənc seçicilərlə, müharibə veteranları ilə, bələdiyyə üzvlərilə dəfələrlə görüşlər keçirilmiş, 20-ci sahə, Bayıl, Bibiheybət, Badamdar qəsəbələrində, Azərbaycan Xalça Muzeyində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsində, Dənizkənarı Bulvar İdarəsində rayon seçicilərilə yığıncaqlar təşkil olunmuşdur. Rayon təşkilatının İdarə Heyətinin üzvlərinin referendumla bağlı açıqlamaları, müsahibələri dövrü mətbuatda mütəmadi olaraq işıqlandırılmışdır. Referendumla bağlı təşkil olunmuş görüşlərdə əlavə və dəyişikliklər nəzərdə tutulan bütün Konstitusiya maddələri haqqında görüş iştirakçılarına dəqiq məlumatlar, açıqlamalar verilmiş, məruzəçilər tərəfindən şərhli izahlar diqqətə çatdırılmışdır. Keçirilən görüşlər haqqında məlumatlar rayon təşkilatının internet saytında, facebook və twitter səhifələrində yerləşdirilmişdir.

2018-ci ilin 11 aprel tarixində keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ilə bağlı rayon partiya təşkilatında seçki qərargahı yaradılmış, hazırlanmış çoxşaxəli tədbirlər planı sistemli, ardıcıl və uğurlu icra olunmuşdur. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Səbail rayonunda yüksək seçici fəallığı və böyük coşqu ilə həyata keçirilmiş, təşkilatda təbliğat-təşviqat qrupları yaradılmış, rayonun bütün ərazisini əhatə edən çoxsaylı tədbirlər, görüşlər təşkil olunmuş, bu görüşlərdə Səbail rayon sakinləri, ictimaiyyətin bütün təbəqələrindən olan seçicilər böyük ruh yüksəkliyi ilə iştirak etmişlər. Hər zaman yüksək siyasi fəallığı ilə seçilən Səbail rayonunda bu seçkilərdə 70.21% seçici fəallığı qeydə alınmış və cənab İlham Əliyev rayon üzrə seçicilərin 87.9% səsini qazanmışdır. Bu göstəricilər, bu zamana kimi Səbail rayonunda seçkilərdə əldə olunmuş ən yüksək göstəricilərdir. Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri və vahid namizədi cənab İlham Əliyevin möhtəşəm qələbəsini təntənəli surətdə qeyd etmək məqsədilə partiya fəalları və Səbail rayon sakinləri rayonun mərkəzi küçələrində Zəfər Yürüşü təşkil etmişlər. Yüksək mütəşəkkillik və siyasi fəallıqla YAP Səbail rayon təşkilatının qərargahından başlayan təntənəli yürüş Sahil bağında ümumrespublika bayram konsertinə qoşulmaqla davam etmişdir.

Rayon partiya təşkilatının təşəbbüsü ilə ötən illər ərzində siyasi, təbliği və təşkilati baxımından əhəmiyyət kəsb edən bir sıra şəhər, rayon miqyaslı praktik konfranslar, geniş yığıncaqlar, iclaslar və digər tədbirlər keçirilmişdir.

2010-cu ildə rayon partiya təşkilatında “Biz Heydər Əliyevin elmi-nəzəri irsini öyrənirik” adlı illik siyasi məktəb təsis olunmuşdur. Heydər Əliyevlə birgə çalışmış, partiyanın yaradılmasında müstəsna xidmətləri olan, Heydər Əliyev irsini mükəmməl bilən və əqidəsinə sadiq qalan alimlərin, partiya rəhbərlərinin çox məzmunlu məruzələrini dinləyən 51 nəfər gənc məktəbin ilk məzunları olmuşlar. Onlara “Heydər Əliyevin elmi irsinin fəal təbliğatçısı” kimi fəxri ad və diplomlar verilmişdir.

2015-ci ildə keçirilmiş çoxsaylı tədbirlər sırasında “Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü”, “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü”, “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 36-cı ildönümü”, “Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş “Heydər  Əliyev və Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa”, “Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyinə həsr olunmuş konfrans”, “Amaliya Pənahovanın 70 illik yubiley gecəsi”, Səbail rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan iftar süfrələri xüsusi qeyd olunmalıdır.

YAP Səbail rayon təşkilatı 2016-cı il ərzində iş planına əsasən qarşıya qoyulan bütün vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Təşkilatın fəaliyyəti bir çox yeniliklər və innovasiyalarla yadda qalmış, il ərzində 61 tədbir təşkil olunmuş və təşkilat 22 ümumrespublika tədbirində təmsil olunmuşdur. Rayon təşkilatı Səbail rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Talassemiya Federasiyası, və digər qurumlarla birgə 15-dən çox layihə və proqramlar reallaşdırmışdır. 2016-cı ildə rayon təşkilatının informasiya portalı fəaliyyətə başlamış və il ərzində yüksək səviyyədə fəaliyyət göstərmişdir. 2016-cı ildə Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” mövzusunda keçirilmiş “dəyirmi masa”nın yekunu olaraq eyni adlı kitab nəşr olunmuş, Səbail rayonunda keçirilmiş “31 mart azərbaycanlıların soyqırımı günüdür” elmi-praktik konfransın və “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”nın tezisləri çap üçün hazırlanmışdır. Rayon təşkilatının sədrinin, aparat işçilərinin və İdarə Heyəti üzvlərinin mətbuatda çoxsaylı məqalələri nəşr olunmuşdur. Təşkilatın aylıq xəbər bülletenləri elektron şəkildə nəşr olunmuş və informasiya portalımızda mütəmadi yerləşdirilmişdir. İl ərzində rayon təşkilatının fəaliyyəti kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış və partiya təşkilatı sosial şəbəkələrdə xüsusi fəallığı ilə fərqlənmişdir. Hesabat ili ərzində YAP Səbail rayon təşkilatının təşkilatşılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, gənclərin, partiya fəallarının Quba Soyqırımı Memorial Kompleksinə, Dövlət Bayrağı Muzeyinə və Heydər Əliyev Mərkəzinə kollektiv ziyarətləri reallaşdırılmış, rəsmi təqvim günü və partiya tədbirlərindən başqa rayon partiya təşkilatı tərəfindən 20-dən çox mədəni-kütləvi tədbir, o cümlədən Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasına və “Fitnə” sənədli filminə ictimai baxış keçirilmişdir. İl boyu Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və sponsorların dəstəyi ilə Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Yeni il bayramı münasibətilə rayon sakinləri üçün müxtəlif səpkidə sosial yardım aksiyaları təşkil olunmuş, rayon təşkilatı YAP tərəfindən reallaşdırılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək aksiyasında iştirak etmişdir.

2017-ci ildə YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Səbail rayonunda “Qan ver, həyat xilas et!” şüarı altında qanvermə aksiyası keçirilmiş, “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər təşkil olunmuş, Səbail rayon İcra Hakimiyyətinin, YAP Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında “Azərbaycanlıların soyqırımı” adlı kitab nəşr olunmuş, “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”nın tezisləri çap olunmuşdur. YAP Səbail rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə rayon məktəblilərinin Milli Məclisə bir neçə ekskursiyası təşkil olunmuş, ekskursiyalar zamanı məktəblilərə ali qanunvericilik orqanının fəaliyyəti, Milli Məclisin komitə və komissiyalarında gedən işlər haqqında ətraflı məlumat verilmişdir. YAP-ın yaranmasının 25 illik yubileyi rayon təşkilatında silsilə tədbirlərlə qeyd olunmuş, bu çərçivədə 13 noyabr 2017-ci il tarixində Səbail rayonunun 100 nəfərdən ibarət nümayəndə heyətinin Böyük Qayıdışın başlanmasının rəmzi olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunmuş, səfər iştirakçıları Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüşmüş, əsgərlər və qonaqların iştirakı ilə geniş konsert proqramı təşkil olunmuş, Cocuq Mərcanlıda şəhid Novruz Aslanov adına tam orta məktəbə müxtəlif hədiyyələr və kompyuter dəsti təqdim edilmişdir.

2018-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyləri və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, Dövlət Akademik Filarmoniyası, R.Behbudov adına Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi ilə birgə bayram-konsert proqramları, eləcə də Bakı Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Musiqili teatrında bir neçə tamaşaya ictimai baxış təşkil olunmuşdur.

2019-cu il “Nəsimi ili”, 2020-ci il “Könüllülər ili” çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur.

Son illər təşkilatın fəaliyyətində genişmiqyaslı siyasi fəaliyyətlə yanaşı çoxşaxəli sosial fəaliyyət istiqamətləri də xüsusi prioritet təşkil etmişdir. 2015-2021-ci il illərdə ümumilikdə 88 humanitar-sosial aksiya keçirilmiş, o cümlədən 26 nəfər 1-ci qrup əlil vətəndaşlara əlil arabaları hədiyyə olunmuş; Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan sakinləri, Şəhid ailələri, müharibə veteranları, tənha ahıllar, əlillər, kimsəsizlər xüsusi diqqət mərkəzində saxlanılmış; Pandemiya dövründə 17 sosial aksiya keçirilmiş; Müharibə günlərində və sonrasında 43 sosial aksiya reallaşdırılmış; “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyası çərçivəsində 24 sosial aksiya icra olunmuş, Vətən müharibəsinin Şəhid ailələri 2021-ci ilin 8 ayı ərzində 32 dəfə ziyarət olunmuş, hər bir ailəyə dəfələrlə ərzaq sovqatları, hədiyyələr, qurban payları, maddi dəstək təqdim olunmuşdur; 28 nəfər qaziyə evlərində baş çəkilmişdir.

Hər il YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanın tarixi yaddaş səhifələrinə həsr olunan elmi-praktik konfranslar, dəyirmi masalar təşkil olunmuş və bu konfransların materialları əsasında kitablar nəşr olunmuşdur. 2016-cı ildə “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” kitabı; 2017-ci ildə “Azərbaycanlıların soyqırımı” kitabı və “Müasir Azərbaycan – gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa”nın tezislərinin kitab şəklində nəşri; “Qarabağ faciəsi” kitabının nəşri; 2018-ci ildə 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “dəyirmi masa” və ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı; 2019-cu ildə “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitablarının hazırlanması və nəşri həyata keçirilmişdir.

YAP Səbail rayon təşkilatında gənclər, orta yaşlılar, əmək və partiya veteranları arasında möhkəm və ahəngdar iş birliyi formalaşmışdır. Uzun illər ərzində yaranmış və dərin mənəvi-siyasi mənanı əks etdirən bu birlik Heydər Əliyev irsinin elmi əsaslarla yaşlı və gənc nəsil arasında varisliyin təmin edilməsində mühüm vasitəyə çevrilmişdir.

Rayon partiya təşkilatı bu zamana qədər qarşısına qoyulan bütün məqsəd və vəzifələri layiqincə həyata keçirmişdir. Təşkilatımız bundan sonra da partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləmək və verilən tapşırıq və tövsiyələri yerinə yetirmək üçün bütün biliyi, bacarığı və var qüvvəsi ilə çalışacaqdır. Burada yaradılan prinsipiallıq, işgüzarlıq və məsuliyyət ənənələri bundan sonra da qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir.