YAP Səbail rayon təşkilatının yeni binasının açılış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı respublikamız üçün çox ağır və mürəkkəb ictimai-siyasi dövrdə – 1993-cü il fevralın 21-də  təsis olunmuş və qısa müddət ərzində partiyanın ən çoxsaylı və mütəşəkkil rayon təşkilatlarından birinə çevrilmişdir. Bir çox rəsmi dövlət orqanlarının, elm və təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının, digər idarə və təşkilatların cəmləşdiyi Səbail rayonunun YAP rayon təşkilatının sıralarında birləşdirdiyi 119 ilk təşkilatda bu gün 23 mindən çox üzv vardır ki, onların 54 %-i gənclərdir və onların sayı durmadan artır.

YAP Səbail rayon təşkilatı uzun müddətdir ki, Xaqani küçəsi 51 ünvanda yerləşən binada fəaliyyət göstərirdi və onun yeni qərərgaha ehtiyacı vardı. Bununla əlaqədar olaraq, rayonda təşkilata yeni qərərgah binası inşası qərara alınaraq müasir dizayna malik binanın layihə sənədləri hazırlanmışdır. Məhz partiyanın yaranma günü 2009-cu il noyabr ayının 21-də Səbail rayonu, A.Abbaszadə küçəsində, Bakı buxtasına açılan gözəl və mənzərəli yamacda Səbail rayon təşkilatı üçün yeni binanın təməli  qoyulmuşdur.

Tikinti zamanı burada  aparılan işlər gündəlik nəzarətdə olmuş və qısa müddət ərzində 1 texniki və 3 əsas mərtəbəyə malik, ümumi sahəsi 1400 kv. mert olan  müasir dizaynlı, gözəl bina inşa olunmuşdur. Buraya yeni kommunikasiya xətləri çəkilmiş,  bütün texniki suallar həll olunmuşdur.

Binanın inşası zamanı yerli materiallarla yanaşı bir sıra xarici ölkələrdən gətirilmiş tikinti materiallarından istifadə olunmuşdur. Binanın fasadında müasir işıqlandırma sistemi quraşdırılmış, bu da öz növbəsində binaya xüsusi gözəllik verir.

Foye, koridor və pilləkənlərə qranit və mərmər döşənmiş, piləkən kənarlarına oricinal məhəccərlər qurulmuşdur.

Hər mərtəbədə köməkçi sahələr, sanitariya qovşaqları istifadəyə verilmiş, «Kombi» tipli avtonom istilik sitemi və kondisionerlər quraşdırılmışdır.

Binanın həyətinə 500 kv. metr sahəyə asfalt salınmış, 200 kv. metr sahəyə tamet   döşənmiş, həyət abadlaşdırılmış, burada 2000 kv. metr sahəyə yeni qazon otu səpilmiş, gül-çiçək, dekorativ kollar və bəzək ağacları əkilmişdir.

Binada 21 kabinet və iş otağı, 120 nəfərlik konfrans zal vardır.

3-cü mərtəbədə YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin qranit büstü qoyulmuş, burada onun fəaliyyətini əks etdirən guşə yaradılmışdır.

Qərərgahda işçilərin şəraitinin yaxşılaşdırılması və keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün   hər cür texniki və digər inventar, iş otaqları ləvazimat, kompyuter texnikası   ilə   təmin olunmuş, rabitə xətləri çəkilərək bütün otaqlar telefonlaşdırılmışdır. Binada müasir yanğından mühafizə sistemi qurulmuşdur.

Dekabr ayının 24-də məhz ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğum günündə  YAP Səbail rayon təşkilatı üçün yeni binanın açılış mərasimi keçirilmişdir.

Qərərgah binasının bayramsayağı bəzədilmiş həyətində Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbirdə  binanın Prezident İlham Əliyevin anadan olması günündə açılmasını vurğulayan YAP sədrinin mavini-icra katibi Əli Əhmədov bildirmişdir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda son yeddi ildə ulu öndən Heydər Əliyev siyasətinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. YAP-ın ən böyük strukturlarından olan Səbail rayon təşkilatının yeni binasının ərsəyə gəlməsinin partiyanın gücünün artmasını sübut etdiyini qeyd edən Ə.Əhmədov bildirmişdir ki, Səbail rayon ictimaiyyətinin ümummilli lider Heydər Əliyev ideyalarına, YAP-a və partiyanın sədri Prezident İlham Əliyevə inam və ehtiramının ifadəsidir.

Mərasimdə, həmçinin YAP İdarə Heyətinin üzvü, partiyanın səbail rayon təşkilatının sədri Zahid QaralovSəbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü  Asif Əsgərov çıxış etmişlər. Asif Əsgərov qeyd etmişdir ki, dekabr ayının 24-də möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğum günüdür. O, Səbail rayon İcra Hakimiyyəti, rayon ictimaiyyəti, 23 minlik YAP Səbail rayon təşkilatı üzvləri adından ölkə başçısına təbriklər ünvanlamış və YAP Səbail rayon təşkilatının bu möhtəşəm binasının  təntənəli  açılış mərasiminin də məhz bu əlamətdar günə həsr olunduğunu vurğulamışdır.

A.Əsgərov ümidvar olduğunu bildirmişdir ki, YAP Səbail rayon təşkilatı üçün inşa olunmuş bu yeni bina və   burada yaradılan şərait təşkilatın daha səmərəli işləməsinə və partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin operativ həllinə köməklik göstərəcəkdir və bu işlərdə təşkilata uğurlar arzulamışdır.

Daha sonra qonaqlar yeni binanı gəzmiş, binanın 3-cü mərtəbəsində qoyulmuş ulu öndər Heydər Əliyevin büstünün önünə tər çiçəklər düzmüş, binada yaradılan şəraitlə yaxından tanış olmuşlar.