Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü Səbail rayonunda qeyd olunub

12 iyul 2013-cü il tarixində Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişinin 44 illiyi münasibəti ilə Səbail rayonunda rayon rəhbərliyinin, bir sıra ictimai təşkilatların, rayon ictimaiyyəti nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail şöbəsinin qərargahında təşkil olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri professor Zahid Qaralov Ümummmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi və ölkə rəhbəri kimi çoxşaxəli fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb: “Zəngin təcrübəsi, böyük təşkilatçılıq bacarığı, gördüyü işlərin sayəsində keçmiş Sovetlər Birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilib. Heydər Əliyev həmin dövrdə SSRİ-nin ən yüksək dövlət postlarından olan SSRİ Nazirlər Sovetinin I müavini təyin olunub. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tədbirdə çıxış edən Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist əməyi qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev və digər ictimai təşkilatların rəhbərləri, veteranlar Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışıblar.

Qeyd olunub ki, bu il həmçinin ölkədə Prezident seçkiləri ilidir. Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri bəyan ediblər ki, onlar İlham Əliyevin namizədliyini dəstəkləyirlər və seçki günü yekdilliklə ona səs verəcəklər.