Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verək!

26 sentyabr 2013-cü il tarixində YAP Səbail rayon təşkilatında keçirilən görüşün iştirakçıları bir daha əqidələrinə sadiqlik nümayiş ediblər.

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin namizədliyini dəstəkləmək üçün həmrəylik nümunəsi olan tədbiri giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov açaraq partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqlliyinin qorunması naminə göstərdiyi xidmətlərdən söz açıb.

Tədbirdə haqq dünyasına qovuşmuş “91-lər”in xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ötən əsrin sonlarında Azərbaycanda yaranan xaos, hərc-mərclik barədə danışan Z.Qaralov bildirib ki, o dövrdə xalqa bələdçilik edən Ümummilli Lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsindən qurtarmaqla canından artıq sevdiyi Vətənini daxili və xarici qüvvələrin məkrli niyyətlərindən, dövlət çevrilişlərinə cəhd kimi xəyanətkar planlarından xilas etdi.

Xalqın inamını qaytarmaq üçün xeyli zəhmətə qatlaşan Ulu Öndərin bu istiqamətdə gördüyü işlər Azərbaycan tarixinə müstəqilliyin qarantı kimi yazıldı. Bu yolda addımlamaq o qədər də asan olmadı. O dövrdə xalqa bələdçilik edəcək bir siyasi təşkilata, bu təşkilatın önündə gedəcək bayraqdara ehtiyac var idi. Xalqın aparıcı qüvvəsi olan ölkə ziyalılarının təmsil olunduğu “91-lər” insanlara nicat yolunu göstərdi:

Bu yola ziyalıların o zaman Naxçıvan MR-də Ali Məclisin sədri işləyən Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin yolunuzu gözləyir” müraciəti ilə qədəm qoyuldu. İnsanların istək və arzularının ifadə olunduğu müraciətə cavab olaraq təkliflərini bildirən Ümummilli Lider Heydər Əliyevin özü də bilirdi ki, ölkədə ictimai-siyasi vəziyyət olduqca ağır, Azərbaycan müstəqilliyi isə təhlükədədir. (Müraciət və Ulu Öndərin cavab məktubu tədbirdə bir daha oxundu). Ölkədə vətəndaş müharibəsinin qığılcımları görünməkdə idi. Elə buna görə də Ulu Öndər ziyalıların insanları ətrafına toplaya biləcək gücdə olan siyasi təşkilatın yaradılmasının vacibliyi ilə əlaqədar təklifinə tərəfdar olduğunu bildirdi. Heydər Əliyev cavab məktubunda yazırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur… Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” O zaman ətrafında birləşən məsləkdaşlarının qətiyyətini yüksək dəyərləndirən ulu öndər Yeni Azərbaycan Partiyasının II qurultayında demişdir: “Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar, mən-bunu demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır.” Vurğulandı ki, partiyanın 21 illik fəaliyyəti xalqa bəllidir. Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində Azərbaycan qüdrətli dövlət kimi inkişaf etmişdir. Bu inkişaf paytaxtın ən böyük ərazisini əhatə edən Səbail rayonunun ərazisində aparılan quruculuq işlərində də özünü aydın göstərir.

Elə buna görə də Heydər Əliyevin silahdaşları və məsləkdaşları kimi bu siyasəti davam etdirən Prezident İlham Əliyevlə həmrəylik göstəririk. Bütün xalqı Azərbaycanın inkişaf yolu ilə dünya birliyinə inteqrasiyasını sürətləndirən Prezident İlham Əliyevə səs verməyə çağırırıq.

“91-lər” adından çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, partiyanın Siyasi Şurasının üzvləri Şahlar Əsgərov, Rizvan Vahabov, Vilayət Əliyev və başqaları Prezident İlham Əliyevlə həmrəyliklərini bildiriblər.

Qeyd olunub ki, Azərbaycanı ağır vəziyyətə salan “demokratların” bu gün yenidən hakimiyyətə gəlmək hərislikləri yolverilməzdir. İctimai televiziya ilə yayımlanan debatlardan da aydın görünür ki, həmin qüvvələr yenə də Azərbaycanda siyasi sabitliyi pozmaq niyyətlərini gizlətmirlər. Amma xalq inamında qətidir. 10 ildə Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldıran cənab İlham Əliyevin siyasəti bütün xalq tərəfindən dəstəklənir. Bu inkişafın davamına tərəfdar olan xalq Yeni Azərbaycan Partiyasının namizədinə inamlarını ifadə edəcək və onun təkrar qələbə çalmasını təmin etməklə daha qüdrətli Azərbaycan naminə münasibətlərini bildirəcəklər.

Tədbir iştirakçıları xalqa səslənərək, hər kəsi 9 oktyabrda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.