Zahid Qaralov: “Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir”

“Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ölkə prezidentliyinə namizədliyi irəli sürülən cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyasının birinci mərhələsi bütövlükdə Respublikada, eləcə də təşkilatımızda çox yüksək səviyyədə keçib”.

Bu barədə YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilatda 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar sənədləşmələr və qeydiyyat işləri həyata keçirilib: “Artıq biz prezident seçkilərinin təbliğat təşviqat kampaniyasının 3-cü mərhələsinə başlamışıq. Bu mərhələdə də üzvlərimiz könüllü olaraq tədbirlər təşkil edirlər. Hazırda təşkilatımız tərəfindən bir sıra tədbirlər hazırlanıb və müntəzəm olaraq bu tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ümumilikdə isə deyə bilərəm ki, hər gün respublikanın müxtəlif bölgələrində Yeni Azərbaycan Partiyasının təşkilatları tərəfindən kampaniya çərçivəsində tədbirlər keçirilir. İnanıram ki, bundan sonra da aparılan kampaniya uğurla davam edəcək”.