YAP Səbail rayon təşkilatında 2013-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

29 dekabr 2013-cü ildə YAP Səbail rayon təşkilatında başa çatmaqda olan 2013-cü ilin yekunları müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Ərazi ilk təşkilatlarının sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov hesabat məruzəsi ilə çıxış etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, təşkilat 2013-cü ildə öz fəaliyyətini ilin əvvəlində rayon şurasında təsdiq olunmuş illik plan əsasında qurmuşdur. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının nizamnaməsi, IV və V qurultayların qərarları, partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri, YAP mərkəzi aparatında qaldırılmış məsələlər illik fəaliyyətdə əsas kimi nəzərə alınmışdır.

Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ən zəngin proqram Səbail rayonunda həyata keçirilmişdir. Rayon təşkilatı partiyanın V qurultayının hazırlanmasında və keçirilməsində, qurultayın qərarlarının təbliğində də fərqlənmişdir.

İl ərzində YAP Səbail rayon təşkilatının idarə heyətinin 10, rayon şurasının 5 yığıncağı keçirilmiş, 32 aktual məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur.

Tədbirdə diqqətə çatdırılmışdır ki, gənclərlə işdə ciddi irəliləyişlərə nail olunmuşdur. Rayon tədbirlərinin əksəriyyəti gənclərin bilavasitə iştirakı, təşkilatçılığı ilə keçirilmişdir. Gənclər oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xüsusilə böyük fəallıq göstərmişlər. Bu fəallıq yalnız bir rayonun timsalında onu göstərmişdir ki, bütövlükdə Azərbaycan gəncliyi yekdilliklə dövlətimizin başçısı İlham Əliyevi dəstəkləmişdi. Prezident seçkilərindəki nümunəvi iştirakına görə Səbail rayon ərazisində fəaliyyət göstərən 600 gəncə YAP-ın fəxri fərmanı verilmişdir. YAP Səbail rayon təşkilatının qadınlar məclisi də təbliğat – təşviqat işlərinə cəlb olunmuş, yerlərdə çoxsaylı tədbirlər keçirmişdi.

Bu gün təşkilatda qeydiyyatda olan partiya üzvlərinin sayı 23 min 644 nəfərdir. Onlardan 13 min 301 nəfərini qadınlar, 15 min 667 nəfərini isə 18-35 yaş arasında olan gənclərdir. 2013-cü il ərzində partiyanın rayon təşkilatına 451 nəfər qəbul olunmuşdur. Onların 207 nəfəri qadın, 228-i gənclərdir. İl ərzində 2 ilk ərazi təşkilatı ləğv edilmiş, 3 yeni təşkilat yaradılmış, ilk təşkilatların sayı 110 çatdırılmışdır.

Qazanılan uğurlarla yanaşı, nöqsanların da mövcudluğunu bildirən YAP Səbail rayon təşkilatının sədri, bəzi ilk təşkilatların zəif fəaliyyət göstərdiklərini, nəzərə çatdırmış, nəzarət-təftiş komissiyasının bu işlə ciddi məşğul olacağını demişdir.

Perspektiv məsələlərdən danışan Z.Qaralov müasir dövrdə gənclərlə işin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, mütəşəkkil, nüfuzlu partiya təkcə təbliğat, təşviqat və təşkilatı işlərlə kifayətlənməməlidir. Eyni zamanda, çox ciddi və sistemli tərbiyə işi formalaşdırmalıdır. Xüsusilə gənclərin ideya-siyasi, milli-mənəvi və əxlaqi tərbiyəsi, dünyagörüşünün sağlamlaşdırılması, davranış mədəniyyətinin yüksəldilməsi istiqamətində güclü iş aparılmalıdır.

İclasda YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin, Qadınlar Şurasının və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzələri dinlənilmiş, təkliflər irəli sürülmüş, müzakirələr aparılmışdır.

YAP Səbail rayon təşkilatının 2013-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.