YAP Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümü qeyd edilib

21 fevral 2014-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Zahid Qaralov rayon ictimaiyyətini bu münasibətlə təbrik edərək, çıxışında bunları qeyd edib: “1992-ci ildə Azərbaycanı xaos və anarxiyadan xilas etmək üçün ziyalılar Ulu Öndər Heydər Əliyevin ətrafına toplaşmış və xalqın görkəmli oğlunun rəhbərliyi ilə yeni partiyanın yaradılması ideyası meydana çıxmışdır. Bu ideyanın həyata keçirilməsi üçün Səbail rayonu ərazisində yaşayıb fəaliyyət göstərən 17 nəfər alim və ziyalıdan ibarət təşkilat komitəsi yaradılmışdır. Təşkilat komitəsinin üzvləri yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirərək Heydər Əliyevin rəhbərliyi ilə yeni partiyanın yaradılması fikrini onlara çatdırırdılar. Görüşlərin keçirilməsi onu göstərdi ki, xalqımız birmənalı olaraq Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyir və məhz onun Azərbaycanı böhrandan çıxara biləcəyinə inanır”.

Rayon təşkilatının sədri diqqətə çatdırıb ki, 1992-ci ilin noyabrında Naxçıvanda YAP-ın təsis konfransı keçirilmiş və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Bundan sonra partiyanın təşkilatlanma prosesi başlamışdır. Cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri Heydər Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmaq istəyirdilər. Bu istək xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə inamından irəli gəlirdi.

Z.Qaralov bildirib ki, 1993-cü il fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalına toplaşmış 226 nəfər alim və pedaqoqun iştirakı ilə YAP Səbail rayon təşkilatının təsis konfransı keçirilmiş və qurum fəaliyyətə başlamışdır. Təsis konfransını keçirən, rayon təşkilatını yaradan və onun ilk üzvü olan 226 nəfərin bu gün 24 minə çatması həqiqətən fəxr etməli böyük inkişaf deməkdir. O vaxt partiyada təmsil olunan 18-35 yaşlı gənclərin sayı 18 nəfər, qadınların sayı 14 nəfər idi. Bu gün isə gənclərin sayı 15 min 700, qadınların sayı isə 13 min 300 nəfərdir. Bu, onu deməyə əsas verir ki, gənclər bizim partiyaya, onun əvvəlki və indiki rəhbərlərinə inanır, öz gələcəklərini partiyanın inkişafında görürlər. Bu gün YAP Səbail rayon təşkilatında 110 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Bu, çox əlamətdar göstəricidir. İlk təşkilatların əksəriyyəti 1993-1995-ci illərdə yaradılmışdır. Bu təşkilatlarda işləyən minlərlə partiya üzvü – alim, ictimai-siyasi xadim, deputat təkcə rayon və Bakı şəhəri ərazisində deyil, bütövlükdə respublikada geniş fəaliyyət göstərir, böyük müəssisələrə rəhbərlik edir, ölkənin, regionların inkişafına töhfə verir, seçki kompaniyalarının təşkilində, keçirilməsində fərqlənirlər.

Heydər Əliyevin elmi irsinin, dövləti və cəmiyyəti idarəetmə təcrübəsinin öyrənilməsinə, təbliğinə aid elmi əsərlərin əksər hissəsi də YAP Səbail rayon təşkilatında çalışan alimlər, siyasi xadimlər tərəfindən yazılıb çap edilmiş və xalqa çatdırılmışdır.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davan etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur.

Tədbirin davamında ərazi ilk təşkilatları sədrlərinin çıxışları dinlənilib, perspektiv planlar müəyyən edilib, YAP Səbail rayon təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Sonda təşkilatın formalaşmasında, inkişafında əməyi olan qocaman partiya üzvlərinə və işində fərqlənənlərə Fəxri fərmanlar və mükafatlar təqdim edilib.