“Azərbaycanın xilaskarı – Heydər Əliyev” mövzusunda konfrans keçirilib

06 may 2014-cü il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanın xilaskarı – Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransda YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, mayın 10-da müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir. Qeyd edilib ki, YAP Səbail rayon təşkilatında da Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə xüsusi proqram hazırlanıb, ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirilib.

Z.Qaralov Ulu Öndərin XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindən biri olduğunu vurğulayıb, dahi şəxsiyyətin iti və parlaq zəkası, yüksək intellekti, zəngin erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində xalqımızın böyük hörmət və nüfuz qazandığını vurğulayıb.

Professor qeyd edib ki, XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideyası-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Ulu Öndər Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Tədbirdə digər çıxış edənlər dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıblar.

Vurğulanıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.