YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının iclası keçirilib

13 may 2014-cü il tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı Qadınlar Şurasının növbədənkənar iclası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov aprel ayının 20-dən respublikamızın şəhər və rayonlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirərək, qeyd edib ki, YAP Səbail rayonu da bu tarixi hadisə ilə bağlı geniş tədbirlər planını yüksək səviyyədə icra edir: “Həmişə olduğu kimi, bu tədbirlərin keçirilməsində qadınlarımız daha yüksək fəallıq nümayiş etdirirlər. Çünki Ulu Öndər qadınlarımıza həmişə yüksək dəyər vermiş, onların ağıllı, zəkalı, torpağına, millətinə sadiq olduğunu vurğulamışdır. Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, isməti ilə, fədakarlığı, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi ilə tanınmışdır. Ulu Öndər Heydər Əliyevin bu dahiyanə sözləri Azərbaycan qadınına, Azərbaycan anasına, qızına verilən layiqli qiymətdir”.

Daha sonra Z.Qaralov Səbail rayon təşkilatı Qadınlar Şurasının fəaliyyətindən danışıb onların rayonun ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdiklərini bildirib: “Hazırda 117 ərazi ilk təşkilatını birləşdirən rayon təşkilatının sıralarında 24 min nəfərdən çox partiya üzvü qeydiyyatda dayanır. Bunlardan 13 min 86 nəfəri qadın, 14 min 618 nəfəri isə gənclərdir”.

Diqqətə çatdırılıb ki, iclasın gündəliyində duran əsas məsələ Səbail rayon təşkilatı Qadınlar Şurası idarə heyətinin yeni tərkibinin seçilməsi, Qadınlar Şurasının ötən dövr üçün hesabatının dinlənilməsi və YAP Qadınlar Şurasının Respublika konfransına nümayəndələrin seçilməsidir.

İclasda çıxış edənlər hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Natiqlər onu da bildiriblər ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda Azərbaycanı uğurla təmsil edirlər. Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb, Təranə Kərimova YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri seçilib.

Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib.