YAP İdarə Heyətinin üzvü, professor Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir

09 iyul 2014-cü il tarixində YAP İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov istənilən siyasi partiyanın ictimai nüfuzunu müəyyənləşdirən amillərdən birinin də insan amilli olduğunu diqqətə çatdırmışdır. Ə.Əhmədov bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının gücünü müəyyənləşdirən, əzəmətini təyin edən də bu partiyanın sıralarında birləşərək Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində fədakarlıq göstərən YAP-ın 600 mindən çox üzvüdür. Məhz bu insanlar, onların fədakarlıqları YAP-ın möhtəşəm ictimai dayağını müəyyənləşdirir, onu Azərbaycanın siyasi sisteminin həlledici bir qurumuna çevirir.

Əli Əhmədov demişdir: “Bu gün böyük yubileyini qeyd etməyə toplaşdığımız professor Zahid Qaralov da həmin insan amili içərisində əhəmiyyətli yer tutan şəxsiyyətlərdəndir. Zahid Qaralov YAP-ın yaradılmasına, formalaşmasına, inkişafına ziyalı fədakarlığı ilə böyük töhfələr vermiş bir insandır. Azərbaycan ictimaiyyəti onu məhz bu mövqeyi ilə tanımışdır. O, partiyamızın sıralarında birləşmiş 600 mindən çox insanla birlikdə YAP-ın şərəfli tarixinin yazılmasına öz töhfəsini vermişdir”.

YAP sədrinin müavini bildirmişdir ki, Zahid Qaralov bütün mənalı ömrü boyu həmişə həm ictimai, həm də elmi fəaliyyətində kifayət qədər yüksək fəallığı ilə seçilmiş Azərbaycan vətəndaşlarından olmuşdur. Gənc yaşlarından Azərbaycanın maarif nazirinin müavini kimi ölkəmizdə təhsilin inkişafı naminə mühüm işlər görmüşdür. Öz yaradıcılığı və təcrübəsi ilə Azərbaycanda məktəb pedaqogikasının inkişafına ciddi töhfələr vermişdir. Zahid Qaralovun yüksək vətəndaş mövqeyi ilə bağlı fikirlərini bildirən Baş nazirin müavini demişdir: “Bu mövqe özünü xüsusilə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində daha aydın şəkildə göstərmişdir. Azərbaycan 1990-cı illərin əvvəllərində özünün ən ağır dövrlərini yaşayarkən Zahid Qaralov Heydər Əliyev ideyalarının müdafiəsinə qalxan Azərbaycan ziyalılarından olmuşdur. O, həm də bu ideyaların müdafiəsi üçün Heydər Əliyevi Müdafiə Komitəsini yaradan, ona rəhbərlik edən, ziyalıları bu işə cəlb edən və beləliklə də həmin ideyaların Azərbaycanda yayılmasına töhfələrini verən ziyalılarımızdan biridir. Zahid Qaralovun həyatının ən əlamətdar mərhələsi məhz həmin dövrə təsadüf edir. YAP-ın yaradılmasında, onun formalaşmasında, möhkəmlənməsində Zahid Qaralovun böyük xidmətləri olmuşdur. Partiyanın hər bir üzvü, xüsusən də gənclər Zahid Qaralova bir örnək kimi baxır, ona böyük hörmət və ehtiramla yanaşırlar”.

Əli Əhmədov qeyd etmişdir ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının təsisat kimi formalaşmasında da Zahid Qaralovun müstəsna xidmətləri vardır. Artıq bir neçə aydan sonra Azərbaycanda dördüncü dəfə bələdiyyə seçkiləri keçiriləcəkdir. Biz həmişə bələdiyyələrin Azərbaycanda demokratiyanın inkişafındakı rolundan danışarkən bu istiqamətdə xüsusi xidmətlər göstərmiş Zahid Qaralovun əməyini xüsusi vurğulayırıq. YAP sədrinin müavini bildirmişdir ki, Zahid Qaralov partiyanın Səbail rayon təşkilatı yaranan gündən bu siyasi quruma sədrlik edir. Təşkilatın partiyanın ən öndə gedən yerli qurumlarından olması da Zahid Qaralovun YAP-ın ideyalarının Azərbaycanda yayılmasına nə dərəcədə böyük önəm verdiyini və bu ideyaların yayılması istiqamətində nə qədər böyük enerji sərf etdiyini bir daha göstərir. Bütün bunlar bir vətəndaş, ziyalı olaraq Zahid Qaralovun ümummilli lider Heydər Əliyevin ideyalarına, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev siyasətinə bağlılığından asılı olan amillərdir. Zahid Qaralov bir vətəndaş olaraq YAP-ın üzvlərinə, xüsusən gənclərə nümunədir. “Tükənməyən enerji mənbənin nə qədər böyük olmasından xəbər verir”, – deyən Əli Əhmədov bu gün də Zahid Qaralovun böyük enerji ilə işləməsinin sevindirici hal olduğunu bildirmişdir.

Konfransda YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov “Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində Zahid Qaralovun fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsinə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Zahid Qaralovun anadan olmasının 65 illiyi münasibətilə ona ünvanladığı təbrik məktubunu oxumaqla başlamışdır.

Şahlar Əsgərov məruzəsində Zahid Qaralovun fəaliyyətinin YAP-ın yaradılmasına qədərki və partiyanın fəaliyyətə başlamasından sonrakı dövrləri barədə ətraflı məlumat vermişdir. Məruzəçi Zahid Qaralovun Ulu Öndərlə bağlı aşağıdakı fikirlərini səsləndirmişdir: “Heydər Əliyev müdrik ideyaların generatorudur”, “Hər kim son illərdə Heydər Əliyevin fəaliyyətini dərindən izləyirsə və siyasətin nə olduğunu dərk edirsə, onun fəaliyyətini ictimai mühitin demokratikləşməsi, milli özünəqayıdış prosesinin fəal təşkilatçısı və iştirakçısı kimi qiymətləndirməlidir”. Ş.Əsgərov həmçinin yubilyarın Ulu Öndərlə bağlı məqalələrindən sitatlar gətirmiş, Zahid Qaralovun ümummilli lider Heydər Əliyevlə görüşləri ilə bağlı xatirələrinə yer vermişdir.

Daha sonra professor Abdulla Mehrabovun yubilyarın ictimai-siyasi və elmi fəaliyyəti haqqında məruzəsi dinlənilmişdir. Məruzədə Zahid Qaralovun müxtəlif dövrlərdəki elmi, ictimai, siyasi fəaliyyəti barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, Zahid Qaralov 1956-cı ildə indiki Azərbaycan Pedaqoji Universitetinin fizika–riyaziyyat fakültəsini bitirdiyi vaxtdan bu günədək bütün həyatını elmə, təhsilə, ictimai–siyasi məsələlərə həsr etmiş, çox uğurlu, nümunəvi bir həyat yolu keçmişdir. O, müntəzəm surətdə elmi iş aparmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təhsil, elm və nəşriyyatla əlaqədar bir sıra sənədlərin hazırlanmasında, yüksək idarələrdə yoxlamaların keçirilməsində iştirak etmişdir. Yubilyar 30 ildən artıq Azərbaycanda Pedaqoji – Psixoloji Tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının sədri, eyni zamanda, SSRİ Dövlət Pedaqoji Elmlər Akademiyasının nəzdindəki Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Vurğulanmışdır ki, Zahid Qaralov 1995-2005-ci illərdə Milli Məclisin yerli və regional özünüidarəetmə komitəsinə rəhbərlik etmişdir. O, Azərbaycanın tarixində ilk dəfə olaraq əksmərkəzləşmə əsasında özünün torpaq və digər mülkiyyəti olan bələdiyyələrə aid qanunların hazırlanmasında və qəbulunda, 1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirilməsində fəal iştirak etmişdir. Z.Qaralov 10 il Azərbaycan – Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmişdir. O, iki müstəqil dost ölkə arasında hərtərəfli əlaqələrin qurulması prosesində fəallıq göstərmişdir.

Natiq müşahidələrinə əsaslanaraq demişdir ki, Zahid Qaralov istər SSRİ dövründə, istərsə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən müddətdə ulu öndər Heydər Əliyevin ən etibarlı, sadiq silahdaşlarından biri olmuşdur. O, bu sadiqliyini bu gün də davam etdirir. Zahid Qaralovun uzun illər ictimai–siyasi fəaliyyəti ilə elmi fəaliyyətinin paralel davam etməsini də çox təqdirəlayiq bir hal kimi qiymətləndirən A.Mehrabov demişdir ki, yubilyar həmişə aktual problemlərin tədqiqi ilə məşğul olmuş, yüzlərlə elmi əsər yazıb, çap etdirmişdir. Görkəmli alimin fizika, riyaziyyat, ümumi pedaqoji məsələlərlə bağlı yazdığı dərsliklər bu gün də səmərəli istifadə olunur.

A.Mehrabov bildirmişdir ki, Z.Qaralov həm də güclü məntiqi, elmi erudisiyası olan alimdir. Bu ensiklopedik biliyə malik insandan təkcə elm təşkilatçılığının deyil, yurdsevərliyin, təəssübkeşliyin, millətsevərliyin, cəsarətliliyin nə olduğunu öyrənmək və yüksək həyat dərsi almaq da mümkündür. Qeyd edilmişdir ki, 60 illik elmi-pedaqoji fəaliyyəti dövründə professor Zahid Qaralovun birbaşa elmi rəhbərliyi altında 170-dən çox elmlər namizədi və elmlər doktoru yetişmişdir. O, 18 ali və orta məktəb dərsliyinin, 600-dən çox jurnal məqaləsinin, 45 kitabın müəllifidir.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yubilyarı təbrik etmiş ona ən xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, Zahid Qaralov Azərbaycanın ən görkəmli ziyalılarından, ağsaqqallarından biridir. Bir neçə gündən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 45 illiyinin qeyd ediləcəyini xatırladan Fəttah Heydərov bütün ömrü boyu Ümummilli Liderin ideyalarına sadiq qalan Zahid Qaralovun 80 illik yubileyinin bu günlərə təsadüf etməsinin də xoş bir hadisə olduğunu vurğulamışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan dünyada tanınmış, nümunəvi müstəqil dövlətə çevrilmişdir. Son günlər ölkəmizdə keçirilən mötəbər tədbirlər bunu bir daha təsdiqləyir. Fəttah Heydərov demişdir: “Belə gözəl bir vaxtda 80 illik yubileyini qeyd etmək Zahid Qaralov üçün çox böyük xoşbəxtlikdir”.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, parlamentin deputatı Hüseynbala Mirələmov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və başqaları çıxış edərək yubilyarla bağlı xatirələrindən danışmış, ona xoş arzularını çatdırmışlar. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında və formalaşdırılmasında böyük xidmətlər göstərmiş Zahid Qaralov həmişə partiyanın üzvləri üçün bir nümunə olmuşdur. Çünki o, həmişə öz əməli fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini sübut etmişdir.

Sonra dünyanın bir sıra ölkələrindən, o cümlədən Türkiyə, Sinqapur, Litva, Qırğızıstan və Rusiyadan olan tanınmış alimlərin, ictimai-siyasi xadimlərin Zahid Qaralova əlamətdar yubileyi münasibətilə təbrik teleqramları ünvanlamaları ilə bağlı məlumat verilmişdir.

Konfransda çıxış edən yubilyar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə bütün ziyalılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. Onun ünvanına səsləndirilən xoş sözlərə görə təşəkkür edən Zahid Qaralov həyatı boyu heç vaxt işdən yorulmadığını və gələcəkdə də fəaliyyətini bu cür davam etdirəcəyini diqqətə çatdırmışdır. O demişdir: “Mənim 80 illik yubileyimə həsr edilmiş konfransın keçirilməsi Prezident İlham Əliyevin bütövlükdə Yeni Azərbaycan Partiyasına göstərdiyi hörmətin təcəssümüdür. Bu gün bu konfransa yalnız alimlər, partiya xadimləri dəvət olunmamışdır. Buraya Ümummilli Lider Heydər Əliyev irsinə və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sadiq, bütövlükdə Azərbaycanı sevən insanlar yığışmışlar”.

Konfransa yekun vuran Baş nazirin müavini Əli Əhmədov demişdir: “Hər bir insan həyatı bir nümunədir. Bəşəriyyət isə bu nümunələrin üzərində qərar tutmuşdur. Təbii ki, YAP da hər bir üzvünə böyük önəm verir və partiya onların fəaliyyətlərinin gətirdiyi faydaların üzərində qərar tutmuşdur. Təbii ki, bu insanların arasında haqqında səmimi şəkildə xoş sözlər dediyimiz Zahid Qaralov da dayanır. Zahid müəllimin həyatı sözün əsl mənasında bir nümunədir. Bu nümunənin üç tərkib hissəsini diqqətinizə çatdırmaq istəyirəm. Birincisi, Zahid Qaralov pedaqoji, ictimai-siyasi fəaliyyəti baxımından çox zəngin bir həyat yaşamışdır. İkincisi, Z.Qaralovun ailə başçısı olaraq göstərdiyi nümunədir. Üçüncüsü isə onun uzun ömürlülüyüdür. Düşünürəm ki, bizim gənc nəslimiz belə ziyalılarımızın zəngin həyatlarından faydalanmalıdırlar. İstərdim ki, gənclər bu cür ziyalılardan yaxşı, məhsuldar işləməyi, dövlətinə, xalqına xidmət etməyi, ölkəsinə və məsul olduğu quruma sadiq olmağı öyrənsinlər”.

Sonda konfrans iştirakçılarına yenicə işıq üzü görmüş, Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabı təqdim edilmişdir.