YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq davam edir

30 oktyabr 2014-cü il tarixində YAP Səbail rayon təşkilatının qərargahında bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı iclas keçirilib. İclas təlimat xarakterli olub və seminar şəraitində keçirilib. İclasda YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri professor Zahid Qaralov, rayon təşkilatının sədr müavini, rayon təşkilatının seçki qərargahının sədri Muxtar Nağıyev, 29 saylı Səbail rayon Seçki Dairəsinin sədri Cahangir Məmmədov və müəyyən edilmiş namizədlər iştirak ediblər.

Prof. Zahid Qaralov qeyd edib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: “Sözsüz ki, məqsədimiz qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimizin yüksək və uğurlu olmasıdır”.

Seminarda iştirak edənlər bildiriblər ki, bələdiyyələrdə təmsilçilik səviyyəsi YAP-ın qələbə qazanacağını əminliklə söyləməyə kifayət qədər əsas verir. YAP-ın qarşıdakı seçkini də qələbə ilə başa vuracağına ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin nəticələri əsas yaradır. Həmçinin vurğulandı ki, YAP-ın resurslarının kifayət qədər geniş olması ilə yanaşı, ölkənin siyasi arenasındakı nüfuzu onu deməyə əsas verir ki, YAP bu seçkilərin nəticələrinə görə Azərbaycanda yüksək dərəcədə təmsil olunacaq. Eyni zamanda, bildirildi ki, artıq seçkilərə hazırlıqla bağlı rayonda yaşayan sakinlərlə, eləcə də ağsaqqallarla, ziyalılarla və gənclərlə də işlər aparılıb.