Gənclər Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsini öyrənirlər

31 oktyabr 2014-cü il tarixində YAP Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin elmi-siyasi irsinin öyrənilməsi ilə bağlı illik siyasi məktəbin məzunlarına diplomlar verilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov bu il YAP Səbail rayon təşkilatının illik siyasi məktəbinin dördüncü məzun buraxılışını həyata keçirdiyini bildirib. Zahid Qaralov vurğulayıb ki, məktəbin əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Bunun üçün isə gənclər Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqının gələcəyi naminə gördüyü işlərlə yaxından tanış olmalı və nümunə götürməlidirlər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə böyük qayğı göstərib. Məhz onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərində minlərlə azərbaycanlı gənc Sovet İttifaqının qabaqcıl ali təhsil ocaqlarına göndərilib və mükəmməl kadr kimi yetişərək ölkəyə qayıdıblar. Müstəqillik illərində də gənclərin xarici ölkələrdə təhsil almaları üçün geniş imkanlar yaradılıb.

Zahid Qaralov bildirib ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişafı istiqamətində mühüm addımlar atılır. Gənclərin dünyanın aparıcı universitetlərində təhsil almaları üçün hər il dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Gələcəkdə sabit və inkişafda olan ölkəni idarə etmək üçün gənclərimiz sağlam siyasi düşüncəyə malik olmalıdırlar.

Digər çıxış edənlər də Ümummilli Liderin elmi-siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan minnətdarlıq hissi ilə söhbət açıblar.

Sonda “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin 39 məzununa diplom təqdim edilib.