YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla həyata keçirəcək

2014-cü ilin 23 dekabr tarixində keçiriləcək növbəti bələdiyyə seçkilərinin təbliğat mərhələsi başlayıb. Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə müvafiq surətdə bələdiyyə seçkilərinin təbliğat mərhələsinə start verib.

YAP Səbail rayon təşkilatı da müəyyən olunmuş tədbirlərin operativ şəkildə həyata keçirilməsi üçün müvafiq fəaliyyətə başlayıb. Rayon təşkilatı tərəfindən təbliğat plakatları qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş yerlərdə vurulub. YAP Səbail rayon təşkilatının sədr müavini, rayon seçki qərargahının sədri Muxtar Nağıyev bildirib ki, işlərimizi YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqlarına əsasən qururuq.

Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan M.Nağıyev qeyd edib ki, Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilməlidir. Ümumilikdə, Səbail rayonunda 41 nəfər bələdiyyə üzvü seçilməlidir. Səbail rayonunda 110 ərazi ilk partiya təşkilatında 23857 mindən çox partiya üzvünün birləşdiyini deyən rayon təşkilatı seçki qərargahının sədri onu da qeyd edib ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: “Bu baxımdan da YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat mərhələsində müəyyənləşdirilmiş işləri operativ və effektiv şəkildə həyata keçirəcək”.