YAP Səbail rayon təşkilatında Ulu Öndərin xatirəsi anıldı

11 dekabr 2014-cü il tarixində YAP Səbail rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev açaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub: “Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət Milli Lider səviyyəsinə yüksəlib”.

M.Nağıyev onu da vurğulayıb ki, Ulu Öndər Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. O, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Milli Liderimiz, güvən yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz Böyük Azərbaycanlı idi: “Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı təbii ki, saatlarla danışmaq olar. Azərbaycanın bütün uğurları Heydər Əliyevlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda O anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək!”

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək deyib ki, böyük ideyalar dahi şəxsiyyətlərə məxsus olur: “Böyük ideyaların müəllifi Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz izlər qoyub. Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni bir dövr başlandı. Bu dövr inkişaf, çiçəklənmə və tərəqqi dövrüdür”. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.

Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə yorulmadan çalışdığını, bugünkü inkişafın və tərəqqinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Heydər Əliyev epoxasını yüksəliş epoxası adlandıran A.Abbasova vurğulayıb ki, Onun parlaq zəkası, müdrikliyi sayəsində xalqımız öz milli mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoydu: “Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev çox mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırdı”.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü Rizvan Vahabov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə danışıblar. Çıxış edənlər bildiriblər ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib: “Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.” Çıxışlarda vurğulanıb ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qalıb. Ümummilli Liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub.