YAP Səbail rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib

18 dekabr 2014-cü il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında gənclər və ilk dəfə səs verən seçicilərlə görüş keçirilib.

Görüşü YAP təşkilatının sədr müavini, rayon təşkilatının Seçki qərargahının sədri Muxtar Nağıyev açaraq yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, 15 il ərzində ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolu barədə ətraflı məlumat verib. O bildirib ki, YAP Səbail rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini yüksək səviyyədə davam etdirir. Diqqətə çatdırılıb ki, rayon üzrə 41 bələdiyyədə təmsil olunmaq üçün namizədlər qeydə alınıb. Bu namizədlərin böyük əksəriyyəti gənclər və qadınlardır.

YAP Səbail rayon təşkilatı Seçki Qərargahının sədri M.Nağıyev onu da vurğulayıb ki, bu gün Azərbaycanda gənclər siyasəti yüksələn xətt üzrə inkişaf edir: “Müasir Azərbaycanın təməlini qoyaraq onu gənclərə həvalə edən Ulu Öndər Heydər Əliyevin yolunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Dövlət başçısının bu etimadı gənclərin üzərinə böyük məsuliyyət qoyur. Gənclər də bu missiyanın öhdəsində layiqincə gəlməyə çalışırlar. İnanırıq qarşıdakı bələdiyyə seçkilərində gənclərimiz daha fəal olacaq, partiyamızın irəli sürdüyü namizədlərə səs verəcəklər”

YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov bildirib ki, gəncliyin inkişafına dəstək Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm yer turur: “YAP tərəfindən bələdiyyə seçkilərində gənclərə göstərilən diqqət və etimada görə minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, öz əməli işimizlə bu etimadı doğruldaq. Əmin olduğumuzu bildiririk ki, xalqımız yenə də YAP-ın namizədlərini dəstəkləyəcək”.

R.Fərəcov onu da vurğulayıb ki, YAP Səbail rayon təşkilatının 25-26 min üzvünün 13 minə yaxınını gənclər təşkil edir. Rayon üzrə 41 bələdiyə üzvündən 22 nəfəri gənclərdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Leyla Abdullayeva Yeni Azərbaycan Partiyasının yüksək nüfuza və ciddi sosial dəstəyə malik olduğunu deyib: “Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 11 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoyub. Həyata keçirilən daxili və xarici siyasət nəticəsində Azərbaycan davamlı olaraq güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. YAP Azərbaycanın inkişafı naminə əldə edilən nailiyyətlərdə misilsiz xidmətlər göstərib”.

L.Abdullayeva dövlətin gənclərə göstərdiyi qayğıdan da danışaraq bildirib ki, cənab İlham Əliyev 2011-ci ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasını məhz gənclərə, gənclər təşkilatlarına həvalə etdi: “Gənclər də gələcəyə dair proqram xarakterli bu sənədin hazırlanması missiyasının öhdəsindən layiqincə gəldilər. Dövlət başçısı tərəfindən bizlərə göstərilən diqqət və qayğı gəncləri sevindirir, onların gələcək fəaliyyətlərinə stimul yaradır. Əminəm ki, bütün bunların nəticəsi kimi, qarşıdan gələn bələdiyyə seçkilərində partiyamızın namizədləri qələbə qazanacaqlar”.

Tədbirdə iştirak edən YAP Suraxanı rayon təşkilatı qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və YAP Gənclər Birliyinin üzvü Aytən Hüseynova da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurları haqqında ətraflı məlumat verərək deyiblər ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərdə gənclərin də rolu və payı var. Onlar gənc namizədlərə bu seçki marafonunda uğurlar arzulayıb.

Görüşdə YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov Prezident İlham Əliyevin gəncliyin inkişafına böyük önəm verdiyini, bələdiyyə seçkilərində də gənclərin önə çəkilməsini bunun bariz nümunəsi olduğunun söyləyib: “İntellektual gəncliyin üzə çıxarılması, gənc siyasətçilərin yetişdirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması baxımından bələdiyyə seçkilərinin çox böyük rolu və əhəmiyyəti vardır. Əminliklə deyə bilərəm ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası elə biz gənclərin iştirakı və fəallığı ilə növbəti dəfə qələbə qazanacaq”.

Gənclər adından danışan Teymur Nağıbəyli gənclərə göstərilən diqqət və qayğıya görə, Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək vurğulayıb ki, bu etimad sayəsində gənclər öz bilik, bacarıq və istedadlarını Azərbaycanın daha da çiçəklənməsi naminə sərf edəcəklər.