YAP Səbail rayon təşkilatının yaradılmasının 22-ci ildönümü qeyd edildi

20 fevral 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının yaranmasının 22-ci ildönümünə həsr olunan tədbir keçirilib.

YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev təşkilatın ötən dövr ərzində mühüm inkişaf yolu keçdiyini bildirərək, qeyd edib ki, 1993-cü il fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalına toplaşmış 226 nəfərin iştirakı ilə YAP Səbail rayon təşkilatının təsis konfransı keçirilib. Sədr müavini hazırda təşkilat üzvlərinin 24 min nəfərə çatmasını böyük inkişaf kimi qiymətləndirib. M.Nağıyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda YAP Səbail rayon təşkilatında 110 ilk ərazi təşkilatı fəaliyyət göstərir. Təşkilat üzvlərinin 13 min 375 nəfərini qadınlar, 15 min 700 nəfərini isə gənclər təşkil edir. YAP Səbail rayon təşkilatının üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

2014-cü ilin yekunları barədə məlumat verən sədr müavini deyib ki, təşkilat qarşıda duran vəzifələri layiqincə yerinə yetirib. Bildirilib ki, partiya fəalları ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində aktiv iştirak ediblər. Bunun nəticəsində Səbail bələdiyyəsi üzrə YAP namizədlərinin əksəriyyəti uğur qazanıblar.

Tədbirdə YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Diqqətə çatdırılıb ki, Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası siyasi proseslərin önündə gedir. YAP ölkədə həyata keçirilən siyasətin ən fəal iştirakçısı və təbliğatçısıdır.

Digər çıxış edənlər də ölkədə gedən sürətli inkişaf proseslərindən, YAP-ın uğurlu fəaliyyətindən söz açıblar.

Tədbirdə, həmçinin 2015-ci il ərzində təşkilatın fəaliyyət planı və qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.