YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

15 aprel 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri prof. Şəmsəddin Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP mərkəzi aparatının məsul işçisi, Partiyanin Siyasi şurasının üzvü Misirxan Vəliyev və fəal gənclər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Tədbirdə ilk öncə YAP Səbail rayon təşkilatının sabiq sədri mərhum Zahid Qaralovun xatirəsi yad olunub.

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov hesabat dövründə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, birliyin üzvlərinin sayının 15 min 710 nəfər təşkil etdiyini vurğulayıb.

Daha sonra YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri Günay Qarayeva Səməd Rzazadə çıxış edərək hesabatı müsbət qiymətləndiriblər.

Səbailli gənclərə uğurlar arzulayan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatında iştirakı üçün hər cür şəraitin yaradıldığını qeyd edib.

Hakim partiyanın Siyasi Şurasının üzvü, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonun həyatında gənclərin fəal iştirak etdiklərini, onların bütün təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb.

Partiyanın Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Hacıyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gəncliyinin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib.

Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyi şurasının, idarə heyətinin tərkibi müəyyənləşib. Şuraya 27, idarə heyətinə isə 17 nəfər seçilib. Həmçinin YAP Gənclər Birliyinin respublika konfransında iştirak etmək üçün 20 nəfərdən ibarət nümayəndə müəyyən edilib. Konfransda Rəşad Fərəcov yenidən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.