Zərifə xanım Əliyeva YAP Səbail rayon təşkilatında anıldı

20 aprel 2015-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra tədbir YAP Səbail rayon təşkilatının qərargahında davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyev qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: “Vaxtilə, Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda Zərifə xanım Əliyevanın köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım görkəmli alim kimi, sədaqətli yoldaş kimi, qayğıkeş ana kimi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onun xatirəsini xalqımız hər zaman uca tutacaqdır”.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova görkəmli alimin Azərbaycan oftolomologiya elminə verdiyi töhfələrdən, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan, əsl örnək olan yüksək mənəvi keyfiyyətlərindən, Zərifə xanımın bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb.

Tədbirdə YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, ali dərəcəli həkim, Koreya-Azərbaycan Şərq Təbabəti Klinikasının direktoru Zərifə Quliyeva Zərifə xanımın qohumlarla münasibətindən, onlarla necə mehriban, qayğıkeş olmasından söhbət açıb. Onun sözlərinə görə çox dolğun bir həyat yolu keçən Zərifə xanım Əliyevanın əməlləri və onun qoyduğu ad hər bir azərbaycanlı üçün örnək olmalıdır.

Tədbirdə ali dərəcəli həkim, Zərifə xanım Əliyevanın aspirantı, professor, şair Paşa Qəlbinur çıxış edərək bildirib ki, Zərifə xanım hər zaman nursuz gözlərə işıq paylamaq, füsunkar gözəlliyə həsrət qalan insanların gözlərinə həyat eşqini qaytarmaq arzusunda olub. Zərifə xanım Əliyevanın ilk aspirantlarından olan professor Paşa Qəlbinur Zərifə xanımın gənc alimlərə qayğısını və onun ana şəfqətini də xüsusi vurğulayıb.

Daha sonra çıxış edən əməkdar jurnalist, İTV kanalının məsul əməkdaşı Flora Xəlilzadə Zərifə xanımla olan xatirələrindən danışıb.