YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub

08 may 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Rayon təşkilatının üzvləri əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, MM Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969–1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.

Ş. Hacıyev qeyd edib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alınıb, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanılıb, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyulub. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başlayıb.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı.

Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövrdən söz açan natiq Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salıb, partiyanın yarandığı gündən Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik bir təşkilat kimi qəbul edildiyini söyləyib. Qeyd edilib ki, Ulu Öndərin dövlətimiz qarşısında tarixi xidmətlərindən biri də hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası olub.

Respublikada həyata keçirilən iqtisadi islahatlardan söz açan Ş.Hacıyev Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevrilməsinin, iqtisadi, siyasi, mədəni və mənəvi yüksəlişinin əsas istiqamətlərini diqqətə çatdırıb. “Əsrin müqaviləsi” adı ilə tarixə düşən ‎beynəlxalq neft layihəsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və ‎möhkəmləndirilməsində müstəsna əhəmiyyətini vurğulayıb.

Tədbirdə əməkdar müəllim Sara Xanlarova, professor Oqtay Sultanov, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı fikirlərini, xatirələrini bölüşüblər. Bildirilib ki, bütün mənalı həyatını öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Müdrik siyasətçinin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə başlanılan islahatlar Azərbaycanın inkişafının təməlidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.