YAP Səbail rayon təşkilatının X Hesabat-Seçki Konfransı keçirildi

05 iyun 2015-ci il tarixində “Fairmont Baku” otelində YAP Səbail rayon təşkilatının X Konfransı keçirilib.

X Hesabat-Seçki Konfransının işində ilk partiya təşkilatlarından seçilmiş 340 nəfər nümayəndə, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi şurasının üzvü Asif Əsgərov, partiya təşkilatının Rayon Şurası və İdarə Heyətinin üzvləri, rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin idarə heyətinin üzvləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədr əvəzi, millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri prof. Şəmsəddin Hacıyev konfransı açıq elan edib.

İlk öncə dövlət himni səsləndirilib. Daha sonra dünyasını dəyişən YAP Səbail rayon təşkilatının üzvləri bir dəqiqəlik sükutla yad edilib.

Rayon partiya təşkilatının X konfransının keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirən Ş.Hacıyev konfransda hesabat dövrü ərzində rayon təşkilatında görülmüş işlər haqqında məruzənin dinlənilib müzakirə olunacağını və təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini qeyd edib.

Giriş nitqində prof. Ş.Hacıyev xüsusi vurğulayıb ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) “xalqın partiyası” olaraq öz fəaliyyətində daim Ümummilli liderimizin ideyalarına söykənmiş və ölkəmizin tərəqqisi, zənginləşməsi naminə əzmkarlıqla fəaliyyət göstərmişdir. Ş.Hacıyev bildirib ki, bütün ömrünü xalqımızın, dövlətimizin möhkəmləndirilməsinə, inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmuşdur. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti vardır. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşmə, dinamiklik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrü olmuşdur.

“Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Bugün möhtərəm Prezidentimiz, YAP sədri İlham Əliyev Ulu öndərin siyasətini böyük məharətlə və yeni müstəvidə uğurla davam etdirir. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub.

YAP Səbail rayon təşkilatı mərhum professor Zahid Qaralovun dövründən hər zaman fəallığı və səmərəli fəaliyyəti ilə seçilən ən öndəgedən rayon təşkilatlarından olmuşdur. Əminəm ki, rayon partiya təşkilatımız Səbail rayonunda qarşımıza qoyulan bütün məqsəd və vəzifələri layiqincə həyata keçirməkdə əzmkarlıqla çalışacaqdır. Burada yaradılan prinsipiallıq, işgüzarlıq və məsuliyyət ənənələri bundan sonra da qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir. Konfransın işinə, Sizlərə uğurlar arzulayıram!”

Daha sonra rayon təşkilatının sədr müavini Muxtar Nağıyev çıxış edib, 2012-2015-ci illərdə hesabat dövrü ərzində YAP Səbail rayon təşkilatında görülən işlər haqqında məlumat verib. M.Nağıyev bildirib ki, əgər IX konfransda təşkilat üzvlərinin sayı 23 min 450 nəfər idisə, indi bu göstərici 24 mindən çoxdur. Təşkilat üzvlərinin 66 faizini gənclər, 56 faizini isə qadınlar təşkil edir. Hesabat dövründə təşkilat üzvləri ictimai-siyasi proseslərdə fəal iştirak ediblər. Xüsusilə 2013-cü ilin Prezident, 2014-cü ilin bələdiyyə seçkilərində rayon təşkilatı aktiv fəaliyyət göstərib. M.Nağıyev hesabat dövründə rayon təşkilatının keçirdiyi tədbirlər haqqında da geniş məlumat verib.

Konfransın davamında Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev, “91-lər” hərəkatının üzvü Hacan Hacıyev, Rayon təşkilatının sədr müavini Arzuman Muradlı, 6 saylı məktəbin direktoru Gülşən Orucova və Xalq artisti Amalya Pənahova çıxış edərək, YAP rəhbərliyinin yürütdüyü siyasi kursdan danışıblar və Səbail rayon təşkilatının bu istiqamətdəki fəaliyyətini müsbət qiymətləndiriblər.

Müzakirələrdən sonra konfrans iştirakçıları YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş dəyərləndirərək hesabat məruzəsini təsdiq ediblər.

Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, “YAP nəinki Cənubi Qafqazda, bütövlükdə Şərqi Avropada ən aparıcı siyasi təşkilatlardan biridir. Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri çox yüksəkdir. Bugünün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər.

Səbail rayon təşkilatı partiyanın yerli strukturları arasında ən öncül sıralarda olmuşdur. Yarandığı vaxtdan mərhum professor Zahid Qaralov təşkilata uğurla rəhbərlik edib və yaxşı ənənələr yaradıb. Fikrimcə, təşkilata yeni seçilən heyət də bu ənənələri yeni keyfiyyətlə davam etdirəcəkdir.

Rayon Şurası üzvlərindən birini təşkilatın sədri seçməliyik. Məlumunuz olduğu kimi, hazırda rayon təşkilatının sədri vəzifəsini hörmətli Şəmsəddin Hacıyev icra edir. Qeyd edim ki, Ş.Hacıyev iqtisad elmləri doktoru, professordur, millət vəkilidir, Parlamentin Elm və Təhsil Komitəsinin sədri kimi uğurlu fəaliyyət göstərir. 45 ildir ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur, 25 ildir Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaradıcısı olduğu kafedraya rəhbərlik edir, həmçinin 2004-2014-cü illərdə ADİU-da rektor vəzifəsində çalışmışdır. Uzun müddətdir ki, partiyamız sıralarında ictimai-siyasi fəaliyyətlə məşğuldur. Hamımızın çox hörmət etdiyi ziyalı alimlərimizdəndir. Rayon təşkilatının Şura üzvü kimi uzun müddətdir bu təşkilatda da fəaliyyət göstərir və hamınız artıq onu çox yaxşı tanıyırsınız. Bütün bunları nəzərə alaraq, YAP Səbail rayon təşkilatının sədri vəzifəsinə prof. Şəmsəddin Hacıyevin namizədliyini təklif edirəm.”

Professor Şəmsəddin Hümmət oğlu Hacıyevin YAP Səbail rayon təşkilatının sədr vəzifəsinə namizədlik təklifi səsə qoyulub və Ş.H.Hacıyev yekdilliklə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri seçildi.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək yeni seçilmiş heyəti təbrik edib. O, qeyd edib ki, YAP-ın söykəndiyi prinsiplər faktiki olaraq Azərbaycanın ideoloji prinsipləri səviyyəsində hamı tərəfindən qəbul edilib. “Yeni Azərbaycan Partiyası yaranmaqla ölkəmizdə yeni siyasi sistem və siyasi münasibətləri özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Bugün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyai qüvvəsi kimi özünü təsdiq edib. YAP yeniləşən Azərbaycanın partiyasıdır. Partiyamızın ən böyük üstünlüyü ondan ibarətdir ki, o, Heydər Əliyev ideyalarına söykənib. Həmçinin Azərbaycanın intellektual səviyyəli, ən qabaqcıl insanları partiyamızda cəmləşib. YAP-ın bütün bölgələrdə yerli strukturları fəaliyyət göstərir. Bu partiya dialoq üçün cəmiyyətə daim açıq olan partiyadır. Partiyamız həm də nəsilləri özündə birləşdirir, onların vəhdətini təşkil edir. Ona görə də, YAP, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, dünənin, bugünün və gələcəyin partiyasıdır.”

Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi şurasının üzvü Asif Əsgərov çıxış edərək diqqətə çatdırıb ki, YAP Səbail rayon təşkilatı İcra Hakimiyyəti ilə fəal əməkdaşlıq edir. O, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra təşkilati məsələlərə baxılıb. Partiya təşkilatının 103 nəfərlik tərkibdə Rayon Şurası, 33 nəfərlik tərkibdə İdarə Heyəti və 7 nəfərlik tərkibdə Nəzarət-təftiş komissiyası seçilib.

Bununla da X Hesabat-Seçki Konfransının işinə yekun vurulub.