YAP Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib

18 iyun 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri prof. Şəmsəddin Hacıyev yığıncağın gündəliyində altı məsələ olduğunu bildirib.

Ş.Hacıyev gündəlikdə duran birinci məsələ – “YAP Səbail rayon təşkilatının X konfransının yekunları haqqında” ətrafında çıxış edərək konfransın əlamətdar günlər ərəfəsində keçirildiyini bildirib: “YAP Səbail rayon təşkilatının X konfransı əlamətdar günlər – Milli Qurtuluş və I Avropa Oyunlarının keçirildiyi vaxtlara təsadüf edib. Bütün dünya hazırda Azərbacanın mədəniyyətinin, inkişafının və tərəqqisinin şahidinə çevrilib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyanın tarixini yazır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məhz tarix yazmaq deməkdir”.

Ş.Hacıyev bildirib ki, hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsində bu amil də vacib rol oynayır. “Həqiqətən Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır. Bu gün Azərbaycan transmilli layihələrin müəllifidir, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Hazırda yeni çağırışlar var, ölkədə bilik iqtisadiyyatı cəmiyyəti formalaşır. Neft kapitalı insan kapitalına çevrilir. Biz bu çağırışlara cavab verməliyik” deyən Ş.Hacıyev vurğulayıb ki, Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün önəmli və tarixi hadisədir.

İclasda həmçinin, YAP Səbail rayon təşkilatının Şura üzvləri arasında vəzifə bölgüsü müəyyənləşdirilib. Təşkilat sədrinin birinci müavini Muxtar Nağıyev isə YAP Səbail rayon təşkilatının fəaliyyətinin əsas prioritetləri haqqında məlumat verib. Qeyd olunub ki, prioritetlər sırasına Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təbliğ olunması, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması üçün rayon təşkilatında kursların təşkil edilməsi, YAP İcra Katibliyinin tövsiyələrinə lazımi səviyyədə əməl olunması və s. daxildir.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. O qeyd edib ki, təşkilatın fəaliyyət prioritetləri vacib məsələləri əks etdirir. S.Qəhrəmanova çıxışında ilk Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən də bəhs edib.

YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev təşkilatın yeni heyətinə fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, iclasın gündəliyindəki məsələlər aktualdır. B.Quliyev YAP Səbail rayon təşkilatının indiyə qədər olduğu kimi bundan sonra da üzərinə düşdüyü vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, həmçinin, təşkilatın fəallarının rəhbərlik etdiyi mətbat orqanında çıxış etmələri üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.

İclasda daha sonra bir sıra ilk ərazi partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılıb. Eyni zamanda, yeni yaradılmış “339 saylı oxu zalı” ərazi ilk partiya təşkilatı təsdiqlənib.