Səbail rayonunda Ulu Öndərin hakimiyyətə gəlişinin 46 illiyi qeyd edilib

Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu ildə respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.

10 iyul 2015-ci il tarixində Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46 illiyi münasibəti ilə Səbail rayonunda tədbir keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında keçirilən tədbirdə rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şura üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, digər ictimai təşkilatların, rayon bələdiyyələrinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlişi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, 46 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verib. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi bir qabaqcıl respublikaya çevrilib. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev olub.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasınını İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, YAP Səbail rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Respublika Veteran Təşkilatları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Əfqanıstan müharibəsi veteranları ittifaqının sədri Məhəmməd Vəliyev, Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Hümbətov, müharibə veteranı Cəbrayıl Əliyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, gənc yazar Ülkər Piriyeva və başqaları Ulu öndərin 46 il öncə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Səbail rayonunda fəaliyyət göstərən ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər və hər zaman bu işlərdə ona yardımçı və dəstək olacaqlar.