YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində seçki kampaniyası öncəsi təlimatlandırıcı toplantı keçirilib

19 avqust 2015-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində V çağırış Milli Məclisinə seçki kampaniyası çərçivəsində deputatlığa namizədlər üçün seçici imzalarının toplanması və Dairə Seçki Komissiyasına təqdim edilməsi qaydaları ilə əlaqədar təlimatlandırıcı toplantı keçirilib. Toplantıda Səbail rayon şöbəsinin seçki qərargahı üzvləri iştirak ediblər.

Çıxış edən YAP Səbail rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanın siyasi həyatında nüfuz əldə etmiş, parlament seçkilərinə də vahid siyasi qüvvə kimi hazırlaşan YAP-ın seçkilərdə birmənalı uğur qazanacağına səmimi qəlbdən inanırıq: “YAP-a rəğbətin artması hakim partiyanın xalqla birgə olmasından irəli gəlir. Bu baxımdan da YAP-ın sıraları günü-gündən genişlənir. Partiyamızın bu seçkilərdə qələbə əzmi mütləqdir. YAP bu gün ölkənin həyatında olduqca böyük əhəmiyyət kəsb edən bir seçki kampaniyasına ciddi şəkildə hazırlaşır. YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Çünki bizlər cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə dövlətimizin başçısının ətrafında sıx birləşmişik. Bu birlik, bu həmrəylik siyasi kampaniyalarda da özünü açıq şəkildə biruzə verir. III çağırış parlament seçkilərində YAP 62 yer almış, IV çağırış parlament seçkilərində isə 72 yer almışdır. V çağırış parlament seçkilərində partiyamızın 80 yer alacağına ümid edirik. İnanırıq ki, bütün seçkilərdə olduğu kimi parlament seçkilərində də Səbail rayon seçiciləri yekdilliklə iqtidar partiyasının namizədlərinə etimad göstərəcəklər. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə həm məsuliyyətli, həm də şərəfli vəzifələr düşür. Biz bu vəzifələrimizin öhdəsindən uğurla gəlib, parlament seçkilərini müvəffəqiyyət, qələbə ilə başa vuracağımıza inarırıq. Bu, məsuliyyətli işdə hamımıza uğurlar arzu edirəm.”

Qərargah üzvləri arasında iş bölgüsü barədə məlumat verən Ş.Hacıyev qeyd edib ki, Səbail şöbəsi YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq hazırlıq işləri sürətlə həyata keçirdir: “Əsas işimiz seçkinin gedişinə nəzarət və rəhbərlikdir. Həmçinin bütün seçki prosesinin, qərargahın fəaliyyətinin mətbuat vasitələrində işıqlandırılması da ən vacib məsələlərdən biridir. Bu işdə dəqiq, çevik olmaq lazımdır. Anti-təbliğata qarşı konstruktiv təbliğatı gücləndirməliyik. Hazırlıq işlərimizə seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi, dairələr üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar, həmçinin parlament seçkiləri ilə əlaqədar DSK və MSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahılarının müəyyən edilməsi daxildir. Seçki kampaniyasına start verildikdən sonra rəsmi şəkildə qeydiyyat məsələləri üçün tələb olunan bütün işlər də mütəşəkkil qaydada həll olunacaqdır”.

Daha sonra imza toplayacaq partiya fəallarına müvafiq təlimatlar verilib. Təlim zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib.

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir və bütün həyata keçirilən işlər növbəti dəfə də seçkilərin yüksək aktivlik, şəffaflıq və demokratik şəraitdə baş tutacağına əminlik yaradır.