YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

28 avqust 2015-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın fəal gəncləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi parlament seçkilərində gənclərin aktivliyini təşkil etmək olub. Tədbirdə YAP Gənclər Birliyinin (GB) sədr müavini Ramin Məmmədov, YAP Səbail rayon təşkilatı GB-nin sədri Rəşad Fərəcov, YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev və partiyanın fəal gəncləri iştirak ediblər.

YAP Səbail rayon təşkilatı GB-nin sədri Rəşad Fərəcov tədbiri açıq elan edərək ölkə Prezidenti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından danışıb.

R.Fərəcov əldə etdikləri uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlığını bildirərək qeyd edib ki, bu il Azərbaycanda daha bir siyasi tədbir – Parlament seçkiləri keçiriləcək: “Məhz hər zaman olduğu kimi bu seçkilərdə də gənclərin aktiv iştirak etmələri vacib amildir. Çünki gənclər ölkənin gələcəyini təmin edənlərdir. Partiyamızın üzvü olan hər bir gənc YAP-ın irəli sürdüyü namizədlərin təbliğatlarında əlindən gələni əsirgəməməlidir. Qarşıya qoyduğumuz məqsəd üçün bizlər bir olmalı, eyni amalla çalışmalıyıq”.

R.Fərəcov həmçinin onu da vurğulayıb ki, seçki prosesində işlərin böyük hissəsi gənclərin üzərinə düşür: “Əminliklə deyə bilərəm ki, bütün seçki proseslərində Səbail rayon gəncləri yüksək aktivlik nümayiş etdirib və bu dəfə də eyni fəallıqları ilə seçiləcəklər. Partiya rəhbərliyinin verdiyi bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Seçkilərlə bağlı görülmüş işlərimizin yayılması, xüsusilə də, təbliğat-təşviqat zamanı lazımi addımların atılması üçün sosial şəbəkələrlə artıq iş mərkəzləri də yaradılıb. Burada əsasən “Facebook”, “Twitter”, “Youtube” və digər sosial şəbəkə resursları üzrə fasiləsiz iş aparılacaq. Biz Səbail rayon gəncləri qarşıdan gələn parlament seçkilərində də YAP tərəfindən irəli sürüləcək namizədlərin qələbəsi üçün əzmlə çalışacağıq”.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev diqqətə çatdırıb ki, YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır: “YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini yüksək səviyyədə aparır. Növbəti parlament seçkiləri üçün YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Ötən seçkilərin təcrübəsindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işini düzgün koordinasiya etməkdir. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərlə öz seçki təcrübəmizi bölmək və tövsiyələrimizi verməkdir”.

YAP GB-nin sədr müavini Ramin Məmmədov isə öz növbəsində Azərbaycan gənclərinin ölkə daxilində və ölkə hüdudlarından kənarda fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan gəncləri çox xoşbəxt gənclərdir: “Biz xoşbəxt gəncliyik ona görə ki, bizim Azərbaycan adlı bir dövlətimiz var. Ona görə də gənclərimiz ölkənin müqəddaratını həll edə biləcək bütün proseslərdə aktiv iştirak etməyi özlərinin mənəvi borcu hesab etməlidirlər. Tam əminliklə söyləyirəm ki, Yeni Azərbaycan Partiyasının ətrafındakı bütün gənclər Partiyanın qurucusu, Ümummilli lider Heydər Əliyevin ideyalarının, eləcə də Partiyanın Sədri cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin gənclər arasında təbliği istiqamətində bu günə kimi səmərəli fəaliyət göstərib və bundan sonra da əsas fəaliyyətlərini bunun üzərində quracaqlar. Qarşıdan gələn siyasi kampaniyada – parlament seçkilərində də gənclərimizi daha aktiv iştirak etməyə çağırıram”.

Tədbir mövzu ətrafında diskussiyalarla davam etdirilib.