YAP Səbail rayon təşkilatının sədri: “Seçki prosesinə hazırlıq uğurun əldə edilməsində həlledici rol oynayır”

01 sentyabr 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev mətbuata açıqlama verib. Ş.Hacıyev bildirib ki, 2015-ci il mühüm siyasi hadisə ilə – noyabr ayının 1-də keçiriləcək V çağırış Azərbaycan Milli Məclisinə seçkiləri ilə də yadda qalacaq. Seçki prosesinə hazırlıq uğurun əldə edilməsində həlledici rol oynayır. Lakin seçki prosesinə hazırlıq yalnız seçki ilində təbliğat və təşviqat kampaniyaları ilə məhdudlaşmır. Bu eləcə də, seçkiyə qədərki hesabat dövründə görülən işlərin, əldə edilən nailiyyətlərin miqyası və əhəmiyyətini də əhatə edir.

Ş.Hacıyev qeyd edib ki, məhz məsələyə bu kontekstdən yanaşdıqda, seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) bir daha parlaq qələbə qazanacağına heç bir şübhə yeri qalmır: “YAP-ın seçki ərəfəsində irəli sürdüyü platformanın xalqımız tərəfindən böyük inam və etimad hissi ilə qarşılanması məntiqlidir. Belə ki, 24 illik müstəqillik dövründə həyata keçirilən uğurlu siyasət, qazanılan əzəmətli uğurlar buna əsas verir. YAP-ın bu seçkilərdə də inamlı qələbəsi gözləniləndir və birmənalıdır. İndiyə qədər ölkənin sosial, siyasi, iqtisadi və mədəni həyatında heç bir konstruktiv mövqe nümayiş etdirə bilməyən, hətta öz partiyaları daxilində həmrəyliyə və birliyə nail ola bilməyən müxalifət partiyalarının gələcək üçün heç bir reallığa uyğun gəlməyən söz və vədlərinə xalqın haqlı olaraq inamını itirməsi və siyasi arenada YAP-ın ciddi rəqiblərinin olmaması bu gözlənilən qələbənin bariz göstəriciləridir.”

YAP-ın hər bir seçkidə mütəşəkkil qaydada, ildən-ilə təkmilləşdirilmiş fəal seçki kampaniyası apardığını vurğulayan millət vəkili deyib ki, məhz sadalanan amillərin nəticəsidir ki, partiyamız bütün seçkilər zamanı əldə etdiyi nəticələri daha da yaxşılaşdırıb və yüksəldib”.

Ş.Hacıyev bildirib ki, məsələn, 2005-ci illə müqayisədə 2010-cu il parlament seçkilərində YAP Milli Məclisdə əlavə 8 yer qazanaraq 72 millət vəkili ilə təmsil olunmaq hüququ əldə edib: “Təbii ki, noyabr ayında keçiriləcək növbəti parlament seçkilərinə də partiyamız ciddi şəkildə hazırlaşır. YAP Səbail rayon təşkilatında da seçkilərlə əlaqədar qərargah yaradılıb və üzvlər arasında iş bölgüsü yekunlaşdırılıb. Məlumat üçün qeyd edirəm ki, rayon təşkilatımız 38 mindən çox seçicini və 30 seçki məntəqəsini əhatə edən 29 saylı Səbail, 35 mindən çox seçicini və 31 seçki məntəqəsini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə fəaliyyət göstərəcək. Bu zaman seçki dairəsi və məntəqələr üzrə komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi və müvafiq təlimlərin keçirilməsi, seçici imzalarının toplanması, qadınların və gənclərin seçki kampaniyasına fəal cəlb olunması, seçkini poza biləcək təbliğat kampaniyalarına qarşı əks təbliğat işlərinin gücləndirilməsi, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunması və s. istiqamətlərdə tədbirlərin görülməsinə xüsusi əhəmiyyət veriləcək. Əsas vəzifə seçkilərin şəffaf, obyektiv və demokratik əsaslarla keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılmasından ibarət olacaq. Əminik ki, YAP Səbail rayon təşkilatı seçki kampaniyası zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərəcək və seçkilərdə qələbənin təmin edilməsi işinə öz töhfəsini verəcək”.