Yeni Azərbaycan Partiyasının veteranları ilə görüş

V çağırış Milli Məclis seçkilərinə Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsi üzrə vahid namizədi Hacıyev Şəmsəddin Hümmət oğlunun 09 oktyabr 2015-ci il tarixindən etibarən təbliğat-təşviqat kampaniyasına start verilib.

Seçki kampaniyası çərçivəsində deputatlığa namizəd Ş.H.Hacıyev ilk görüşünü 10 oktyabr 2015-ci il tarixində Yeni Azərbaycan Partiyasının veteranları ilə keçirib. Görüş YAP Səbail rayon təşkilatında təşkil olunub.

Tədbirdə rayon təşkilatının aparat rəhbəri Zəfər Bayramov çıxış edərək Şəmsəddin Hacıyevin həyat və fəaliyyətindən danışıb.

Daha sonra çıxış edən Şəmsəddin Hacıyev qeyd edib ki, “İlk görüşümüzü partiyanın sıralarında uzun müddət fəaliyyət göstərən, onun inkişafında, yeniləşməsində fəal surətdə iştirak edən, ümumiyyətlə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya həmkarlarımızla keçirməyimiz təsadüfü deyil. Mən ilk öncə sizin xeyir-duanızı almaq istədim. Sizlərin mənə verəcəyiniz tapşırıqlar, sizin arzularınız, istəkləriniz mənim üçün gələcək fəaliyyətimdə əsas proqram rolunu oynayacaq. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadi, siyasi inkişafı ilə şərəfli yol keçmişdir. Hesab edirəm ki, Azərbaycanın inkişafı üçün yeni dövr başlayır. Mən hər zaman Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəm. Hər kəsi seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını nümayiş etdirməyə çağırıram”.

Tədbirdə çıxış edən “91-lər” hərəkatının üzvləri YAP-ın yaradılma tarixindən, partiyanın 23 il ərzində keçdiyi inkişaf yolundan danışmış, Milli Məclisə keçiriləcək 1 noyabr seçkilərində YAP namizədlərinə uğurlar arzulayaraq bu seçkilərdə də YAP namizədlərinin inamlı qələbə qazanacaqlarına əminliklərini ifadə ediblər.