Gənclərlə görüş

15 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev gənclərlə görüşüb.

YAP Səbail rayon təşkilatında keçirilən görüşdə rayon təşkilatının sədr müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Muxtar Nağıyev deputatlığa namizəd Şəmsəddin Hacıyev haqqında gənc fəallara geniş məlumat verib. YAP-ın 2015-ci il parlament seçkilərində şüarının “Yeni hədəflərə doğru!” olduğunu xatırladan sədr müavini məhz Azərbaycan gəncliyinin yaxından iştirakı ilə bu hədəflərə çatılacağına inandığını deyib. Qeyd olunub ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək qayğı bu faktoru kifayət qədər ehtiva etməkdədir.

Sonra çıxış edən Şəmsəddin Hacıyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələrin bu gün də YAP-ın Sədri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Deputatlığa namizəd qeyd edib ki, hər zaman olduğu kimi, bu seçkidə də YAP-ın namizədlərinin qələbə qazanacağı şübhəsizdir: “Dövlət müasir Azərbaycan gəncliyinə çox böyük önəm verir”.

Ş.Hacıyev diqqətə çatdırıb ki, dövlət idarəçiliyində, siyasətdə getdikcə gənclərə daha çox yer verilməsi bunun bariz nümunəsidir: “Belə ki, dövlətin gəncliyin tərəqqisi istiqamətində reallaşdırdığı çoxsaylı sosial layihələr bu nəslin nümayəndələrinin inkişafına böyük təkan verir. Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olan gəncliyə dövlət tərəfindən hər zaman qayğı göstəriləcəkdir. Bu birbaşa möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin nəzarətindədir”. YAP-ın uğurlarının həm də Azərbaycan xalqının uğurları olduğunu və bütün bu uğurların qazanılmasında dövlətimizin başçısının tükənməz zəhmətinin, qətiyyyətinin olduğunu bildirən namizəd gəncləri qarşıdan gələn seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Tədbir maraqlı müzakirələr və sual-cavab şəklində davam etdirilib.