Qadın seçicilərlə görüş

16 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev qadın seçicilərlə görüşüb.

Yüksək seçici əhval-ruhiyyəsi ilə keçən görüşü giriş sözü ilə açan deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Muxtar Nağıyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatında apırıcı qüvvə olmasından və partiyanın monolit şəkildə seçkilərə qatılmasından danışıb. Bildirib ki, parlament seçkilərində, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Səbail rayonun seçicilərinin də böyük fəallıq nümayiş etdirəcəkləri heç kəsdə şübhə doğurmur.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Ş.Hacıyev respublikamızın və cəmiyyətimizin yüksək inkişafında qadınların rolundan söhbət açaraq ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, qadınların respublikada, eləcə də Səbail rayonunda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirakından bəhs edib. “Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Həyatımızda elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Bugün qadınların cəmiyyətimizdə tutduğu mövqe tamam başqadır. Qadınlar ilk növbədir anadır, həyat yoldaşıdır, ictimai-siyasi həyatımızın bütün sahələrində çalışan mütəxəssislərdir, çox böyük potensiala malik qüvvədir.”

Ş.Hacıyev onu da vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Deputatlığa namizəd həmçinin ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında da geniş və əhatəli çıxış edib.

Görüşdə çıxış edən qadınlar seçki prosesində aktiv iştirak edəcəklərini, öz iradələri ilə xalqın partiyası olan YAP-ın namizədi Şəmsəddin Hacıyevə səs verəcəklərini bildiriblər. Sonda qadın seçicilərin sualları cavablandırılıb və onların təklifləri dinlənilib.