Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüş

22 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb.

Şəhidlərimizin əziz xatirəsinin yad edilməsindən sonra Səbail rayon Veteranlar Birliyinin sədri İlham Əliyev deputatlığa namizəd barədə məlumat verib.

Tədbirdə çıxış edən Ş.Hacıyev Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu bildirib. O, vurğulayıb ki, veteranların dövlət tərəfindən sosial rifahının yaxşılaşması və ehtiyaclarının qarşılanması istiqamətində indiyədək böyük işlər görülüb. “Ötən dövr Azərbaycan üçün həqiqətən çox şərəfli bir dövr olub. 2003-cü ildən başlayaraq Azərbaycanda tamamilə yeni proseslər başladı. Partiyamızın lideri cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərin yaratdığı, qurduğu dövləti yeni inkişaf səviyyəsinə qaldırdı. Bugün Azərbaycan sözün əsl mənasında həm regionda, həm dünyada sayılıb-seçilən ölkələrdən biridir. İqtisadi-sosial inkişafımız, gedən proseslər göz qabağındadır. Bütün dünyada nələr baş verir hamımız görürük. Siz hamınız müharibə iştirakçısı olmusunuz, bilirsiniz müharibə nədir. Bir var yazıdan oxuyasan, televiziyadan eşidəsən, bir də var ki, o dəhşətin içərisində olasan, onu öz canınla, qanınla hiss edəsən. Bu tamam başqa hisslərdir.”

Ş.Hacıyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız.”

Bu parlament seçkiləri ilə növbəti beş ildə Azərbaycanın daha da inkişafı üçün yeni dövrün olacağını deyən namizəd YAP-ın uğurlu siyasətini hər zaman dəstəklədiyini bildirib. Ş.Hacıyev vurğulayıb ki, hər kəs seçki məntəqələrinə gələrək öz səsini verməklə dövlətə necə sadiq olduğunu sübut etmiş olacaq.

Çıxış edən veteranlar onları xüsusi diqqətdə saxladığı üçün Ş.Hacıyevə təşəkkürlərini bildiriblər. Müharibə veteranları, əlillər və şəhid ailələri bu diqqəti yüksək qiymətləndirərək Ş.Hacıyevə seçkidə uğurlar arzulayıb seçki günü hamılıqla ona səs verəcəklərini deyiblər. Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, bu təbəqədən olan insanların problemləri dinlənilib.