Bibiheybət sakinləri ilə görüş

23 oktyabr 2015-ci il tarixində Səbail rayonunun Bibiheybət qəsəbəsinin mədəniyyət evində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev qəsəbə sakinləri ilə görüşüb.

Tədbiri giriş sözü ilə açan Ş.Hacıyev həyat və fəaliyyəti ilə bağlı qəsəbə sakinlərinə məlumat verib. Daha sonra namizəd Azərbaycanın uğurlu inkişafından danışıb. “Bizim gücümüz, mövqeyimiz, Prezidentimizin apardığı cəsarətli, düşünülmüş, müdrik siyasət Azərbaycanı çox əhəmiyyətli bir dövlətə çevirib. Azərbaycanın özünün yolu var, balanslı siyasət aparır, dünyaya çox uğurla inteqrasiya olunur və inteqrasiya olan zaman milli mənafelər əsas tutulur. Əgər hər hansı bir blokda biz iştirak ediriksə – iqtisadi, siyasi, parlamentlərarası və s. biz yüz ölçüb bir biçirik. Burda əyləşənlərin əksəriyyəti Qarabağ müharibəsi veteranlarıdır, iştirakçılarıdır. Biz 90-cı illərdən, hətta 1988-ci illərdən gedən bütün bu proseslərin şahidi olmuşuq, bəzilərimiz bu proseslərin bilavasitə iştirakçısı olmuşuq, bəzilərimiz isə sadəcə müşahidə etmişik. Hərhalda müşahidə edənlər də bilirki nələr baş verirdi Azərbaycanda. Bugün isə qısa müddət ərzində Azərbaycanda hansı uğurların əldə olunduğunu da görürük. Bütün bu uğurları biz son 10-12 ildə əldə etmişik.”

Qəsəbə sakinlərindən Şamama Hələbova, Minirə Kazımova, Abbas Mirzəyev və başqaları çıxış edərək Şəmsəddin Hacıyevə seçkidə uğurlar arzulayaraq, seçki günündə hamılıqla ona səs verəcəklərini bildiriblər. Sonda sakinləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, qəsəbə sakinlərinin istək və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.