Səbail rayonu 20-ci sahə sakinləri ilə görüş

26 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbail rayonundakı 20-ci sahə sakinləri ilə görüşüb.

Deputatlığa namizədin səlahiyyətli vəkili Muxtar Nağıyev görüşə toplaşan seçicilərə Ş.Hacıyev haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Ş.Hacıyevin namizədliyini Yeni Azərbaycan Partiyası irəli sürüb. Bu da səbəbsiz deyil, çünki Şəmsəddin müəllim öz fəaliyyətində hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənib, Ümumilli Liderin, onun layiqli varisi Prezidentimiz cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarını sədaqətlə, vicdanla yerinə yetirib. Elə bu səbəbdəndir ki, o indi də YAP Səbail rayon təşkilatına rəhbərlik edir. Partiyada kifayət qədər nüfuz sahibidir və özünü harda çalışmasından asılı olmayaraq gözəl təşkilatçı kimi tanıdıb.

Sonra Şəmsəddin Hacıyev söz alaraq seçicilər qarşısında çıxış edib: “Heç şübhəsiz ki, ölkəmizdə sosial-siyasi sabitliyin qorunmasının, mövcud inkişafın, hərtərəfli tərəqqinin əsasında Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti durur. Bu da bir həqiqətdir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycanın öz siyasi və iqtisadi kursu var və bugün ölkəmiz sürətlə tərəqqi edir.”

Deputatlığa namizədin çıxışı görüş iştirakçıları tərəfindən razılıq və alqışlarla qarşılanıb. Daha sonra görüşə gələn Səbail sakinləri çıxış edərək dövlətimizin yürütdüyü siyasəti bəyəndiklərini və bu seçkilərdə də YAP nazmizədini dəstəkləyəcəklərini bildiriblər. Görüşdə seçicilər bəzi problemlər barədə də söz açıblar.