Ziyalılarla görüş

27 oktyabr 2015-ci il tarixində Səbail rayonunun “Ziyalılar evi”ndə YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev rayon ziyalıları ilə görüşüb.

Başlıca amalının dövlətimizin milli maraqlarına, xalqımızın söykəndiyi tarixi ənənələrə sədaqət olduğunu vurğulayan Ş.Hacıyev çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bu siyasətin təməlində durur: “Konkret desək, müstəqil siyasət kursunun real əsasları vardır. Burada iqtisadiyyat sahəsində müstəqil siyasət yeritməklə daxildə hakimiyyətlə vətəndaşların birliyi məsələsi mühüm yer tutur. Bu da özlüyündə çoxlu sayda vəzifələri – sabit cəmiyyət modelini, vətəndaş həmrəyliyini, hakimiyyətin şəffaflığını və demokratik idarəetmənin bərqərar olmasını ön plana çıxarmaq deməkdir. Dünyada baş verən proseslər, bu regionda, bu coğrafiyada baş verən bütün xoşagələn və xoşagəlməz hadisələr, iqtisadiyyatın özünün dünya çapında inkişaf qanunauyğunluqları, tendensiyaları və bizim iqtisadiyyatımızın dünyanın bir parçası kimi inkişafı nəzərə alınmaqla bugün Azərbaycanın tamamilə yeni konsepsiyalarla, yeni əsaslarla, yeni paradiqmalarla inkişafı bir reallıqdır. Biz bunu çox böyük qürur hissi ilə qeyd edirik və çalışmalıyıq ki, bu siyasi kursu qoruyaq. İqtidar, xalq birliyi Azərbaycanda olduğu kimi və bugün olduğu kimi mən deyərdim ki, heç vaxt olmayıb. İqtidarla xalq bugün üzvi vəhdətdədir. İqtidarımız, dövlətimiz, dövlət başçımız xalqa arxalanaraq bu cür cəsarətli və kəskin qərarlar qəbul edir.”

Ş.Hacıyev həmçinin bir çox beynəlxalq təşkilat və sorğu agentliklərinin apardığı tədqiqatlara, onların Azərbaycanla bağlı gəldikləri qənaətlərə toxunaraq bildirib ki, bütün bu sorğuların nəticələri bir daha göstərir ki, regionun ən güclü lideri cənab İlham Əliyevdir. “Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeganə dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətilə bağlı keçirilən beynəlxalq sorğunun nəticələrinin 84,4 faiz olması deyilənlərin məntiqi nəticəsidir.”

Sonda Ş.Hacıyev Səbail rayonunun ziyalılarını 1 noyabrda keçiriləcək parlament seçkilərində fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət edib.

Görüşdə çıxış edən ziyalılar Tofiq Məmmədov, Tahir Orucov, Vilayət Əliyev və başqaları Ş.Hacıyevə seçkidə uğurlar arzulayaraq seçki günü hamılıqla ona səs verəcəklərini deyiblər.