Qarabağ veteranları, əlilləri və şəhid ailələri ilə görüş

28 oktyabr 2015-ci il tarixində “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin qərargahında YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb.

Yığıncaqda çıxış edən Birliyin sədri şəhid ailələri və Qarabağ veteranlarının 1 noyabr seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildirib. Görüş iştirakçılarına təşəkkürünü bildirən namizəd Ş.Hacıyev seçicilərin etimadını qazanıb yenidən deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemlərilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Qeyd edim ki, YAP vəd vermir, əməl edir. Mən də YAP-ın namizədi olaraq vəd vermirəm, əməl edirəm. Millət vəkili seçiləcəyim təqdirdə, əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Mən sizə elə bəri başdan deyirəm ki, mən də elə sizlərdən biri kimi sizin problemlərin içində olacam, əlimdən gələn nə varsa, maddi-mənəvi, ictimai, bütün imkanlarımı səfərbər edəcəm ki, bu problemlərin həll olunmasında yaxından iştirak edim.”

Çıxış edən Yetər İsmayılova və Yasəmən Abdullayeva 1 noyabr seçkilərində Ş.Hacıyevi dəstəkləyəcəklərini bildiriblər. Görüşdə veteranları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.