Badamdar sakinləri ilə görüş

29 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbail rayonu Badamdar qəsəbəsinin sakinləri ilə görüşüb.

Ş.Hacıyev Azərbaycanın uğurlu inkişafından danışaraq bildirib ki, “Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Real faktdır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Hər kəs görür ki, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır, ədalətə və beynəlxalq hüquqa söykənir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dililə danışmağa çalışırlar, ancaq yenə də “istək”lərinə nail ola bilmirlər.”

Ş.Hacıyev həmçinin qeyd edib ki, YAP-ın namizədlərinin zəfər əldə edəcəyinə inanırıq, çünki bizi xalq dəstəkləyir və bütün seçkilərdə seçicilərin yüksək etimadını qazanaraq, qələbələr qazanmışıq: “Bu nailiyyətlərin əldə olunmasının əsas səbəbi Azərbaycan vətəndaşlarının, seçicilərin, bütün Azərbaycan xalqının Prezident İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə böyük inamıdır. Hər bir Azərbaycan seçicisi Prezident İlham Əliyevə inanır, etimad edir, həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir. Təbii ki, bu amillər seçicilərin rəyinin və qənaətinin formalaşmasına bilavasitə təsir edir. İnanırıq ki, xalq dövlətin daha da güclənməsi, qüdrətli olması üçün hakim partiyanın namizədlərinə dəstək verəcək və növbəti 5 il Azərbaycanın ictimai-siyasi həyatında əsaslı keyfiyyət dəyişikliklərilə yadda qalan il olacaq. Məhz bu davamlı xarakter alacaq uğurlara görə 1 noyabrda keçiriləcək parlament seçkilərində sizləri YAP-ın namizədlərinə səs verməyə çağırıram”.

Görüşdə seçicilərdən Mehriban Paşayeva, Xanlar İmaməliyev və başqaları çıxış edərək belə bir fikri vurğulayıblar ki, bu gün biz seçicilər YAP namizədinə səs verməklə sağlam, möhkəm gələcəyimizə səs vermiş oluruq: “Çünki güzəranımızın bugünkü yüksək səviyyəyə çatması Yeni Azərbaycan Partiyasının və onun Sədri cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olmuşdur. Buna görə də bütün Səbailli seçicilər yalnız YAP-ın namizədi Şəmsəddin Hacıyevi dəstəkləyəcəklər”.