Səbaildə yaşayan müəllim və valideynlərlə görüş

29 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev Səbaildə yaşayan müəllimlər və valideynlərlə görüşüb.

İştirakçıları salamlayan namizəd təhsil işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri olduğunu qeyd edib: “Bizim həyatda əldə etdiyimiz yaxşı nə varsa, bunun üçün müəllimlərimizə borcluyuq. Müəllimlərimiz cəmiyyətdə ictimai nüfuza malikdirlər, insanları düzgün tanıyır, ictimai-siyasi prosesləri dəqiq təhlil edə bilirlər. Bu baxımdan, deputatlığa namizəd olaraq sizlərlə görüşüb, fikirlərinizi, təkliflərinizi dinləmək mənim üçün əhəmiyyətlidir”.

Ş.Hacıyev son illərdə Azərbaycan təhsilinin maddi-texniki bazasının inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirib: “Çox qısa bir müddətdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə məktəb tikilib və müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bütün bunların hamısı təhsilin keyfiyyətinin yüksəlməsinə yönəlib. Çünki təhsil və elm inkişaf etdikcə, ölkəmiz daha çox inkişaf edir. Ölkəmizin həm siyasi sabitliyi, həm iqtisadi və sosial inkişafı bilavasitə bu sahənin inkişafı ilə bağlıdır. Bu sahədə çox ciddi işlər görülür və görüləcək”. Deputatlığa namizəd ölkə həyatının bütün sferalarında olduğu kimi, təhsil sahəsində də islahatların aparıldığını, dövlət proqramlarının qəbul olunduğunu vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması, bu sahədə köklü islahatların aparılması təhsilin məzmun və keyfiyyətinə təsirini göstərir. Azərbaycan təhsilinə dövlət tərəfindən ayrılan diqqətin bariz nümunələrindən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Ölkə başçısının diqqəti sayəsində təhsil islahatları uğurla davam edir, təhsil işçilərinin sosial müdafiəsi möhkəmləndirilir”.

Görüşdə çıxış edən məktəb direktorları, müəllimlər və valideynlər Şəmsəddin müəllimi yaxşı tanıdıqlarını, onun çox sadə və gözəl insan olduğunu vurğulayaraq 1 noyabr seçkilərində yekdilliklə YAP-ın namizədi Şəmsəddin Hacıyevə səs verəcəklərini bildiriblər.