Səbail rayonunda “Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyinə həsr olunmuş Konfrans” keçirildi

20 noyabr 2015-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 23 illiyi qeyd olunub. “Fairmont Baku” otelində keçirilən tədbirdə YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Səbail rayon rəhbərliyi, millət vəkilləri, tanınmış ziyalılar və media nümayəndələri iştirak edib.

İlk öncə dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev ilk öncə tədbir iştirakçılarını YAP-ın yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında Partiyamızın aparıcı rolundan, YAP-ın keçdiyi zəngin və şərəfli inkişaf yolundan, partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edib. “Bugün tarixi gündür, hamımız üçün doğma olan bir partiyanın yaranmasından 23 il keçir. Sizə YAP-ın formalaşmağa başladığı və Partiyamızın yarandığı günlərdən biraz danışmaq istəyirəm. 1990-cı illər Azərbaycan üçün II Dünya Müharibəsindən sonra ən ağır, ən ziddiyyətli dövr olmuşdur. 90-cı illərdə hakimiyyətə gəlmiş “Xalq cəbhəsi”, “Müsavat” kimi partiyaların bacarıqsız rəhbərlərinin səriştəsiz idarəçiliyi nəticəsində ölkə elə bir vəziyyətə düşmüşdü ki, Azərbaycanın müstəqil dövlət kimi varlığı artıq sual altında idi. Ölkədə iqtisadi-siyasi böhran, vətəndaş müharibəsi hökm sürürdü, iqtsadi çöküş müşahidə olunurdu və 1600% səviyyəsində bir hiper inflyasiya qeydə alınmışdı. Bakıda iki həftəlik taxıl ehtiyatı qalmışdı. Atılan hər addım ölkəni uçuruma yaxınlaşdırırdı. Müstəqilliyin itirilməsi kimi taleyüklü bir məsələ ilə üzbəüz qalan ölkədə “olum ya ölüm” məsələsi həll olunurdu.

Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yarandı. “Yeni bir partiyanın yaradılması və bu partiyaya Heydər Əliyevin rəhbərlik etməsi” təkidi ilə 91 nəfər ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət əslində elə ölkədə gedən proseslərin məntiqi nəticəsi idi. Dövləti uçuruma aparan hakimiyyət demokratik yollarla dəyişməli idi. Beləliklə, 23 il öncə 21 noyabr tarixində  Naxçıvanda “Yeni Azərbaycan Partiyası”nın təsis konfransı keçirildi. 550-dən çox nümayəndənin iştirak etdiyi konfransda Partiyanın Nizamnaməsi və Proqramı qəbul olunmaqla yanaşı, Ulu öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. 23 il öncə yazılmış Partiya Proqramında  qarşıya qoyulmuş vəzifələr nəinki Azərbaycanın keçid dövrü üçün, daha uzunmüddətli perspektivdə Azərbaycanın bugünü, eləcə də gələcəyi üçün başlıca məqsədlərimizə yönəlmişdir.

Yeni Azərbaycan Partiyası (YAP) heç bir partiyanın varisliyini qəbul etməmişdir, o, yeni bir partiya kimi yaranmışdır. Çətin vəziyyətdə müxalifət partiyası kimi yaranmış YAP 7 ay ərzində xalqın etimadını qazanaraq iqtidara gəlmişdir. YAP-ın hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan uğurla inkişaf etmiş, partiyamız Cənubi Qafqazın ən böyük, ən güclü siyasi təşkilatı kimi özünü təsdiqləmişdir. Əldə olunmuş uğurların hamısını sadalamağa vaxtımız çatmaz, ancaq qeyd edim ki, 23 illik qısa zaman kəsiyində ölkə Konstitusiyası qəbul olunmuş, iqtisadiyyat defolt vəziyyətindən çıxmış, bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçid həyata keçirilmiş, ölkənin ictimai-siyasi mənzərəsi tamamilə yenidən formalaşdırılmış, “Əsrin müqaviləsi” kimi nəhəng bir beynəlxalq müqavilənin imzalanması ölkəyə əsaslı sərmaye axınının əsasını qoymuş, ən əsası Azərbaycan dövlətçiliyi formalaşdırılmış, ölkə iqtisadi inkişaf yoluna qədəm qoymuş və nəzərəçarpacaq iqtisadi nəticələr əldə olunmağa başlanılmışdır. 1993-2003-cü illər ərzində Azərbaycan stabilliyin təmin olunduğu bir şəraitdə inkişaf yoluna qədəm qoymuş ölkəyə çevrilmişdir.

2003-cü ildən başlayan İlham Əliyev dövrü iqtisadiyyatın dinamik inkişafı, Azərbaycanın region və dünyada imicinin möhkəmləndirilməsi, iqtisadi rifahın yüksəldiyi və Azərbaycanın orta gəlirli ölkələr siyahısına daxil olduğu bir dövr olmuşdur.

Qonşu dövlətlərdə, dünyada nələrin baş verdiyini görürük – iqtisadi böhranlar, qaçqın problemi, islamofobiya və s. Belə bir şəraitdə  Azərbaycanda yürüdülən cəsarətli siyasətin nəticəsidir ki, ölkəmiz bugün dinamik inkişaf edən sabitlik adasına çevrilmişdir.

Qarşımızda hələ bundan da böyük hədəflərimiz, məqsədlərimiz var. Yaxın günlərdə baş tutmuş V çağrış Parlament seçkilərinə də YAP-ın məhz belə bir şüarla “Yeni hədəflərə doğru” şüarı ilə getməsi heç də təsadüfi deyildir. Seçki platformasında da səsləndirildiyi kimi məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdən ibarətdir.

YAP qısa dövr – 23 il müddətində şərəfli bir yol keçmişdir. Üzvlərinin sayı 550-dən 700.000-nə çatmış Partiyamızda cəmiyyətimizin bütün təbəqələri təmsil olunur, partiyamızın bütün ictimai-siyasi fəaliyyət sahələrində rolu artır və möhtərəm Prezidentimizin rəhbərliyi ilə biz “Güclü dövlət, yüksək inkişaf” yolu ilə irəliləyirik. Bu yol Heydər Əliyev yoludur, bu yol İlham Əliyev yoludur. Bizə düşən də bu inkişaf yolunda möhtərəm Prezidentimiz İlham Əliyev ətrafında sıx birləşmək və onun siyasətini dəstəkləməkdir. Sizləri bir daha bu tarixi gün – Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycanı yüksək inkişaf, yüksək rifaha aparan Yeni Azərbaycan Partiyası, onun Sədri möhtərəm Prezidentimiz İlham Əliyev!”

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır: “Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib. Partiya Azərbaycanın çətin və böhranlı bir dövründə yaranıb. Həmin dövrdə Azərbaycan xalqının, hətta deyərdim ki, bəxti onda gətirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bu missiyanı yerinə yetirdi. Belə bir liderimizin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi tarixi hadisə idi”. M.Qurbanlı, həmçinin partiyanın qələbələrini şərtləndirən əsas amillərə də toxunaraq bildirib ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir: “YAP bütün seçkilərdə qalib partiya kimi xalq tərəfindən dəstəklənib, 2015-ci ilin 1 noyabr parlament seçkilərində də partiyanın irəli sürdüyü namizədlər üstünlk təşkil edib. Bu gün hakim partiyanın 700 mindən çox üzvü var. Belə bir gücə malik olan partiyanın seçkilərdə uğur qazanması aksiomdur. Bütün bunlar YAP-ın yerli strukturları ilə İcra Katibliyi arasında sıx əlaqələrin və müəyyən mənada ideal idarəçilik sisteminin yaradılmasının, dövlət idarəçiliyində çalışan partiya üzvlərinin fəaliyyətinin yüksək səviyyədə olmasının, xalqla hakimiyyətin vəhdətinin, eləcə də Prezident İlham Əliyevin siyasətinə, Onun şəxsiyyətinə Azərbaycan xalqının böyük rəğbətinin nəticəsidir. Hakim partiya istənilən seçkiyə qatılaraq böyük uğur qazanmaq iqtidarına malik bir partiyadır”.

Tədbirin davamında çıxış edən millət vəkili, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bu gün öz inkişaf dövrünü yaşayan, dünyada nümunəvi dövlət kimi tanınan müstəqil Azərbaycanın hazırkı mərhələyə heç də asan yolla çatmadığını vurğulayıb: “Yarandığı 23 illik tarixi ərzində ölkəmizin tərəqqi yolunda əvəzsiz rolu və yeri olan Yeni Azərbaycan Partiyası artıq xalqın partiyası kimi şərəf səhifəsinə öz imzasını qoyub. Məhz bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, müasir və müstəqil Azərbaycanın dinamik inkişafının əsasının qoyulması, sarsılmaz ictimai-siyasi sabitliyin, milli həmrəyliyin təmin olunmasında hakim partiyanın rolu danılmaz həqiqətələrə söykənir. Bu, o dövr idi ki, həmin dövrdə Azərbaycan həm də müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Bu baxımdan, nə yaxşı ki, həmin dövrdə xalqımızı düşdüyü bu çətinliklər və faciələrdən xilas edəcək dahi şəxsiyyət Heydər Əliyev var idi”. “Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” deyən Fəttah Heydərov onu da bildirib ki, xalqımız bu siyasətin ətrafında birləşməklə yanaşı, Yeni Azərbaycan Partiyasının uğur və qələbə əldə etməsi üçün bu siyasi təşkilata dəstək verir, bu siyasətə səs verir. Biz bunu ötən dövrdə keçirilən bütün seçkiərdə görmüş, şahidi olmuşuq. Çox sevindirici haldır ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən zaman birmənalı şəkildə göstərdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin fiziki yoxluğu dövründə ölkəsini, millətini, xalqını düşünüb, müstəqilliyimizin əbədi olması uğrunda qətiyyətlə mübarizə apara biləcək Lider məhz İlham Əliyev Cənablarıdır”.

Çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, YAP-ın yaradılmasının 23 illiyinin ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır: “YAP öz üzərinə götürdüyü amalları, insanların ona bağladığı ümidləri doğruldaraq Azərbaycan vətəndaşlarının Heydər Əliyevdən və Onun yaratdığı partiyadan gözlədikləri nə varsa, hər birini həyata keçirə bildi”. B.Muradova onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası hazırda Azərbaycan siyasi sisteminin aparıcı siyasi qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir: “Təbii ki, geridə qoyduğumuz 23 illik zaman kəsimində xalqımızın yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası hazırda da həmin etimad sayəsində fəaliyyətini uğurla davam etdirməkdədir. Lakin onu da qeyd edək ki, partiyanın gücü yalnız onun sıralarında olan insanların sayı ilə ölçülmür. Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli gücü, qüdrəti kimi xarakterizə edilir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Əlbəttə, sadalananlar təsadüfi deyil, çünki məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınan bir dövlətə çevrilib”.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov partiyanın yaranma tarixindən və 23 ildə keçdiyi inkişaf yolundan geniş bəhs edib. “Bu gün biz YAP-ın yaradılmasının 23-cü ildönümünü qeyd edirik. Ötən dövr ərzində ictimai həyatımızın bütün sahələrini əhatə edən dövlət quruculuğu məsələləri asan və rəvan yollarla getməmiş, obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlərin aradan qaldırılması üçün böyük iradə tələb olunmuşdur. Çətinliklərə baxmayaraq, müasir Azərbaycan cəmiyyəti ictimai, siyasi və iqtisadi zəmində baş verən sosial gərginliklərə sinə gərmiş, ölkə parçalanmaq təhlükəsindən xilas olaraq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Bütün bunlar isə yalnız və yalnız XX əsrin görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində mümkün olmuşdur. Müasir, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynamışdır. Ulu Öndərimizin qurduğu Azərbaycan ona görə daim yaşayacaqdır ki, Heydər Əliyev hələ sağlığında öz siyasi məktəbini yaratmış və bu siyasi məktəbin layiqli davamçısı Cənab İlham Əliyevin son on ildə rəhbərliyi sayəsində Azərbaycan biri-birindən əhəmiyyətli uğurlara imza atır. XXI əsr dünya siyasi arenasında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin əsl qarantına çevrilib.”

Tədbirin davamında söz alan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxışı zamanı bildirib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 23 illik yol şərəfli tarixdir: “Yeni Azərbaycan Partiyası və onun yaradıcısı Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilərdik. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”. E.Əzizov vurğulayıb ki, 2003 -cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən 12 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir: “YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, Azərbaycan beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər malik olduğumuz imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, əməkdaşlıq əlaqələrinin inkişafına da böyük töhfədir. Azərbaycan bu gün böyük inkişaf dövrünü yaşayır: “Güclü, qüdrətli Azərbaycan 50 milyonluq azərbaycanlının qürur mənbəyidir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz beynəlxalq tədbirlərin keçirlməsi üçün əsas məkandır. Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. YAP bundan sonra da ölkənin qüdrətinin artması, iqtisadiyyatının yüksəlməsi, insanların rifah halının yaxşılaşması kimi şərəfli bir vəzifəni öz çiyinləri üzərində daşımaq iqtidarında olduğunu bəyan edir”.

Sonda YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev tədbirə yekun vurub. Konfransda iştirak edən qonaqlara, sədarətə, ağsaqqallara, Ulu Öndər Heydər Əliyevin “Qızıl Fond” adlandırdığı “91-lər” nümayəndələrinə təşəkkür edən millət vəkili qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən şərəfli yol keçmişdir. Ümumxalq partiyası olmaq hər partiyaya nəsib olmur. “Yeni Azərbaycan Partiyası güclü partiyadır və bugün Azərbaycan Respublikasının ictimai-siyasi həyatında YAP-ın xüsusi rolu və izi görünür. Tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanda yaxın 25-30 ildə alternativi yoxdur və ola da bilməz. Bizlər bu siyasəti qorumalı və YAP-ın siyasi avanqard rolunun daha da güclənməsi üçün əzmkarlıqla çalışmalıyıq.”