“Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktiki konfrans keçirildi

07 dekabr 2015-ci il tarixində Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Milli Məclisin komitə sədrləri, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, dini icma sədrləri, DQİDK-nin sədr müavinləri, YAP Səabil rayon təşkilatının fəalları və ziyalılar iştirak edib.

Konfransı giriş sözü ilə açan Şəmsəddin Hacıyev radikalizmin bu gün bütün dünya dövlətləri üçün ümumi problem olduğunu bildirib. Dini radikalizmin yaranma səbəblərindən danışan Ş.Hacıyev bu istiqamətdə dövlət tərəfindən lazımi tədbirlərin həyata keçirildiyini qeyd edib. “Bu gün dünyada dini radikalizm ciddi problemlərdəndir. Bəzi qüvvələr İslamı gözdən salmağa cəhd göstərirlər. Bu məsələlərin müzakirəsi bugünkü konfransın aktuallığını daha da artırır. Qlobal problemə çevrilən dini radikalizm, ekstremizm dünya ölkələri üçün təhdiddir. Buna qarşı mübarizə aparmaq üçün bütün ölkələr birgə səylərini daha da artırmalıdırlar. İslam barışıq, ədalət, mərhəmət dinidir. Onu gözdən salmaq cəhdləri yolverilməzdir.”

Ş.Hacıyev çıxışında Nardaranda baş vermiş son hadisələrə da toxunub: “Bu yaxınlarda Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Çünki xalqın öz dövlətinə olan inamı bu cür cinayətkar əməllərə heç cür rəvac verə bilməz. Din ictimai həyatımızın ayrılmaz tərkib hissəsidir və mənəvi inancımızı ifadə edir. Bu baxımdan dövlətimizə, xalqımıza, prezidentimizə qarşı dini zəmində atılan hər addımın qarşısını almaq məqsədilə dünyəvilik ənənələrini cəmiyyətimizdə yaşatmaq kimi ideoloji, dini ekstremizm cəhdlərinin qarşısını almaq üçün qanunvericilik bazasının möhkəmləndirilməsi kimi inzibati, cəmiyyət arasında bütün yaş qruplarında maarifləndirmə işinin gücləndirilməsi kimi müvafiq tədbirlərin görülməsi də mühüm əhəmiyyət kəsb edir.”

Daha sonra çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda tarixən formalaşmış dövlət-din münasibətləri modelinin hansısa qüvvələr tərəfindən təhrif edilməsinə, başqa modellərlə əvəz olunmasına imkan verə bilmərik. “Dini ekstremizmə, radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada KİV-lərin, təhsil ocaqlarının üzərinə böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.” Komitə sədri son vaxtlar qanunvericilikdə dini ekstremizmə qarşı mübarizə ilə bağlı dəyişikliklərdən, yeni qaydalardan danışaraq, Azərbaycanda radikalizmə qarşı ciddi mübarizənin aparıldığını bildirib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxışında Parlament tərəfindən qəbul edilmiş “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun əhəmiyətindən danışaraq qeyd edib ki, yeni qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik islam modelinin saxlanmasıdır.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, dini radikalizmlə mübarizədə əsas hədəf dini maarifləndirmə istiqamətində çoxşaxəli tədbirlərin həyata keçirilməsi olmalıdır. S.Həsənov bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsinin DQİDK ilə birgə fəaliyyət göstərdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev ölkədə dini ekstremizmə qarşı mübarizədən, bütün dini icmalara yaradılan yüksək şəraitdən, Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.