Azərbaycanın milli qəhrəmanlarından bəhs edən kitabın təqdimatı oldu

19 dekabr 2015-ci il tarixində YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə yazıçı-publisist Cəlaləddin Qasımovun Azərbaycanın milli qəhrəmanlarından bəhs edən “Vətən uğrunda vuran ürəklər” adlı kitabının təqdimatı keçirildi.

Kitabda Qarabağ uğrunda müharibədə qəhrəmanlıq göstərən Vətən oğullarının döyüş yolu haqqında materiallar əksini tapıb.

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov çıxışında qeyd etdi ki, kitabın azərbaycançılıq ideyasının təbliğində böyük rolu var. Burada milli qəhrəmanlarımızın həyat yolu, döyüş şücaəti haqqında geniş məlumat verilir. Bu kitab gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bir vasitə, eyni zamanda, düşmənlərimiz üçün bir ismarıcdır ki, Azərbaycan xalqı necə qəhrəman övladlar yetişdirir.

“Qəhrəmanlar heç vaxt unudulmur, onların Vətən uğrunda mübarizə aparmaları bizim üçün örnəkdir” deyən Cəlaləddin Qasımov müəllifi olduğu kitabın gənclərimiz üçün bir mənəviyyat, təcrübə məktəbi olduğunu bildirdi. O, bu cür kitabların Vətən uğrunda fədakarlıq etmiş insanları tanıtmaq üçün önəmli olduğunu qeyd etdi. C.Qasımov kitabda haqqında bəhs etdiyi milli qəhrəmanların döyüş yoluna aid faktları necə əldə etdiyi barədə də danışdı. Müəllif kitabın orta məktəblərdə, ali təhsil müəssisələrində yayılmasının əhəmiyyətini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirdə digər çıxış edənlər kitabın mənəvi-tərbiyəvi əhəmiyyətindən bəhs etdilər.