Millət vəkili Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşdü

22 dekabr 2015-ci il tarixində YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Səbail rayonunda yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ilə görüşüb. Görüş Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının qərargahında keçirilb.

Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır. Ş.Hacıyev çıxış edərək ilk öncə V çağırış Milli Məclis seçki kampaniyasında fəal iştirak etdikləri üçün tədbir iştirakçılarına təşəkkürünü bildirib. Dünyada baş verən siyasi-hərbi hadisələr, ölkədə gedən ictimai-siyasi proseslər haqqında danışan Ş.Hacıyev çıxışında Nardaranda baş vermiş son hadisələrə da toxunub: “Din ictimai həyatımızın ayrılmaz tərkib hissəsidir və mənəvi inancımızı ifadə edir. Dini münasibətlər dövlət idarəçiliyinin vacib sütunlarından biridir. Təəssüf ki, bəzi dairələrin islam dinini təqdim etmək cəhdlərində dövlətçiliyimizə, xalqımıza, prezidentimizə qarşı təhlükəli meyllər, çıxışlar özünü büruzə verir. Öz hüquqlarını müdafiə etmək üçün başqalarının hüquqlarını pozmaq, dini zəmində məzhəblər arasında gərginlik yaratmaq kimi təşəbbüslər mütərəqqi din olan və mənəviyyat, barışıq, humanizm dini olan islam dinini pozmaq deməkdir. Buna görədir ki, xarici dairələrin ideoloji və maliyyə dəstəyi ilə Nardaranda baş verən hadisələrə, orada edilən çıxışlara, səsləndirilən təhlükəli şüarlara qarşı sərt inzibati tədbirlər görülməli idi və görüldü də. Bu baxımdan dünyəvilik ənənələrini cəmiyyətimizdə yaşatmaq və dini ekstremizm cəhdlərinin qarşısını almaq üçün qanunvericilik bazasının möhkəmləndirilməsi və cəmiyyət arasında bütün yaş qruplarında maarifləndirmə işinin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi də mühüm əhəmiyyət kəsb edir.”

Ölkədə baş verən manatın devalvasiyası haqqında da danışan millət vəkili qeyd etdi ki, ölkə rəhbərliyi hər zaman öncəlikli olaraq xalqın, əhalinin sosial-rifahı, milli maraqları haqqında düşünür. Dünya neft bazarında gedən proseslər, dünya iqtisadiyyatında baş verənlər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməz. Bu baxımdan bu devalvasiya qərarı mövcud situasiyada hökumət tərəfindən qəbul olunmuş düzgün bir addım idi və biz əminik ki, düşünülmüş iqtisadi siyasət və Azərbaycanda son illərdə formalaşdırılmış iqtisadi inkişaf meylləri ilə Azərbaycan bu müvəqqəti çətinliklərin öhdəsindən də gələcəkdir.

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu vurğulayan Ş.Hacıyev Azərbaycan dövlətinin, ölkə prezidentinin yürütdüyü sosial yönümlü siyasətdən də danışaraq, cəmiyyətin bütün təbəqələrindən olan insanların yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində son illərdə görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında da ətraflı məlumat verib. “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Təbii ki, bu nailiyyətlərin əldə olunmasında ölkə Prezidentimizin apardığı qətiyyətli və cəsarətli siyasətin, düzgün və vaxtında qəbul olunmuş qərarların böyük rolu vardır.”

Görüşdə çıxış edən veteranlar onları xüsusi diqqətdə saxladığı üçün Ş.Hacıyevə təşəkkürlərini bildiriblər. Çıxış edən Cəbrayıl Əliyev, Xələf Əşrəfov, Sərdab Orucov, Mirzə Kərimov, Aslan Əmrahov, Zərixanım Rəsulova və digərləri onları narahat edən problemləri dilə gətirərək əsas narahatçılaqlarının kredit faizlərinin ödənilməsi, Çernobıl əlilləri üçün “forma 88” sənədinin alınması, vetranların əksəriyyətinin işsiz olması, müavinətlərin ödənilməsindəki çətinliklər, nəqliyyat vasitələri marşurutlarının uyğun olmaması, mənzil növbələri ilə bağlı olduğunu qeyd ediblər.

Görüşün sonunda V çağırış Milli Məclis seçkilərində fəal iştirak edən veteranlara YAP Səbail rayon təşkilatının fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul olunmuş veteranlara da partiya vəsiqələri təqdim olunub.