“Heydər Əliyev və Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirildi
23.12.201523 dekabr 2015-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirilib. Səbail rayon İcra Hakimiyyətində təşkil olunmuş dəyirmi masada rayon rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm, təhsil, mədəniyyət və din xadimləri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, “Heydər Əliyev” və “Azərbaycan” məfhumları artıq eyni duyğu, düşüncələr yaradan anlayışlara çevrilmişdir. “Çoxminillik Azərbaycan tarixinin yaddaşında bir çox dövlət xadimləri və şəxsiyyətlər yer alsa da, yalnız Heydər Əliyevin adı ilk dəfə olaraq Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi bu tarixə həkk olmuşdur. Əbədiyaşar rəhbərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də gələcəklə bağlı arzu-istəklərinin ardıcıl gerçəkləşməsi və şah əsəri olan müstəqil dövlətimizin mükəmməl idarə olunması üçün özünə Prezident İlham Əliyev kimi layiqli varis hazırlaması olmuşdur. Bu mənada Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt çox mürəkkəb bir dövrdə alternativsizliyini dönə-dönə təsdiqləyir və Azərbaycanın gələcək yüksəlişinə, əmin-amanlığa təminat verir.”
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyev XX əsrə adını həkk etmiş düha Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsinin əhəmiyyətindən, Ulu Öndərin dövlətçiliyimizin formalaşdırılması və möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən danışaraq vurğulayıb ki, Ümummilli Liderimizin 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etdiyi 35 illik dövr ərzində ölkənin ictimai-siyasi həyatının istisnasız bütün sahələri – siyasət, iqtisadiyyat, sosial infrastruktur sürətlə inkişaf etmişdir. Ulu Öndərin ən böyük amalı ömür boyu milli dəyərlərə, milli mənafelərə xidmət etməkdən ibarət olmuşdur. “Mən bütün həyatımı Azərbaycanın inkişafı, əhalinin firavan yaşayışına həsr etmişəm” deyən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillikdən ötən hər il ərzində sözün əsl mənasında alternativsiz yeni bir strategiya ilə inkişaf etmişdir. SSRi-nin dağılması ilə müstəqillik əldə edən Azərbaycan ziddiyyətli dövrə daxil olmuşdur. O dövrdə Azərbaycanın bir dövlət kimi parçalanması təhlükəsi və ölkəmizin bölünmə planları var idi. Heydər Əliyev qısa müddətdə mümkün olan hər şeyi etdi – dağılmış bir dövləti 10 il ərzində sürətli inkişaf yoluna çıxartdı, dünya təcrübəsinə və Azərbaycan dəyərlərinə əsaslanan model formalaşdırdı, ilk gündən siyasi və iqtisadi islahatlara başladı və Azərbaycan yeni ictimai quruluşa qədəm qoymuş oldu.
Ölkədə gedən çoxşaxəli iqtisadi inkişaf prosesini ətraflı təhlil edən Ş.Hacıyev qeyd edib ki, Heydər Əliyev Azərbaycanı sıfırlıq iqtisadi inkişaf nöqtəsindən kompleks və dinamik inkişaf xəttinə çıxartdı. “Ölkədə bazar iqtisadiyyatının vacib institutları yaradıldı, Azərbaycanın neft strategiyası formalaşdırıldı, ölkəyə xarici investisiya cəlbinə başlanıldı. Bütün bunların zəmanəti, təminatı isə məhz Heydər Əliyev faktoru olmuşdur. Azərbaycan resurslarının potensialını nəzərə alaraq formalaşdırılmış ümummilli inkişaf strategiyasının qəbulu, bu platformanın Konstitusiya və iqtisadi islahatlarla dəstəklənməsi nəticəsində ölkədə tənəzzüldən sonra yüksələn inkişaf meyli formalaşdırıldı.”
Müstəqil Azərbaycanın iqtisadi inkişafının İlham Əliyev dövrü barədə də geniş danışan millət vəkili çıxışında bildirib ki, 2003-cü ildə ilk dəfə olaraq ölkədə ümumi daxili məhsul 1 milyardlıq baryeri keçmişdir. Son 10 il göstərdi ki, Heydər Əliyevin uzaqgörən uzunmüddətli strategiyası özünü doğrultdu. Azərbaycan bazar iqtisadiyyatına keçidi tam başa çatdırdı, MDB məkanında və regionda iqtisadi göstəricilərinə görə lider mövqeyə yüksəldi, ölkədə bütün mənalarda iqtisadi təhlükəsizlik (enerji, ərzaq, nəqliyyat təhlükəsizliyi) təmin olundu. 90-cı illərdə Cənubi Qafqaz iqtisadiyyatında payı 40% olan ölkənin faiz göstəricisi 75%-ə yüksəldi. Azərbaycan öz sözünü deyən ölkəyə çevrildi, bölgədə transmilli layihələrin icrasına başlanıldı, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən beş ölkəsindən biri oldu.
Azərbaycanın yaxın perspektivdəki inkişaf hədəflərindən də danışan Ş.Hacıyev qeyd edib ki, bu gün bizlər üçün prioritet olan məsələlər ölkədə postindustrial cəmiyyətin, bilik iqtisadiyyatının inkişafı, Azərbaycanda işsizlik və yoxsulluğun minimuma endirilməsi, ölkənin rəqabətqabiliyyətini yüksəldərək Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilməsi və dünya bazarının konyuktur dəyişikliklərinin Azərbaycana mənfi təsirinin minimuma endirilməsindən ibarətdir.
Dəyirmi masanın davamında Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Səməd Seyidov və Hadı Rəcəbli, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və başqa natiqlər Ulu Öndər Heydər Əliyevin çağdaş dövlətçilik xəzinəsinə çevrilmiş həyat və fəaliyyətinin ayrı-ayrı yönlərinə, müstəqilliyimizin qazanılmasında və qorunmasında, xalqın xoşbəxt gələcəyinin təmin edilməsində tarixi xidmətlərinə, Prezident İlham Əliyevin bu böyük siyasəti uğurla davam etdirməsinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Sonda dəyirmi masa iştirakçıları adından yekdilliklə “Bəyanat” qəbul edilib.