YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Ş.H.Hacıyevin “Dini radikalizm: reallıqlar, perspektivlər və əsas hədəflər” adlı müsahibəsi mətbuatda dərc olundu

“Yeni Azərbaycan” qəzetinin 23 dekabr 2015-ci il, çərşənbə/№ 238 (4637) sayında YAP Səbail rayon təşkilatının sədri, millət vəkili prof. Şəmsəddin Hacıyevin “Dini radikalizm: reallıqlar, perspektivlər və əsas hədəflər” mövzusunda müsahibəsi dərc olunub.

Müsahibəni təqdim edirik:

Müasir dövrdə dini radikalizm və ekstremizm bütün dünyanı narahat edən, bəşəriyyət üçün olduqca təhlükəli qlobal problemlərdən birinə çevrilmişdir. Şübhəsizdir ki, yaxın coğrafiyamızda, xüsusilə də Yaxın Şərq regionunda dini radikalizm və dini ekstremizm meyillərinin güclənməsi ölkəmiz və cəmiyyətimiz üçün də ciddi təhdid və təhlükə mənbəyinə çevrilmişdir. Təsadüfi deyildir ki, son dövrlərdə bu problemin həlli istiqamətində dövlət və ictimai qurumlar tərəfindən müvafiq tədbirlər görülmüş, maarifləndirmə işləri əhəmiyyətli dərəcədə gücləndirilmiş və bu məsələ ölkə ictimaiyyəti arasında geniş müzakirə obyektinə çevrilmişdir. Təqdirəlayiq haldır ki, bu cür tədbirlərin miqyası ölkəmizin bütün regionlarını, cəmiyyətin bütün sosial qruplarını əhatə edir. Təbii ki, ölkəmizin avanqard siyasi qüvvəsi və iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası, onun rayon təşkilatları bu proseslərdən kənarda qalmır, əksinə bu tədbirlərə və müzakirələrə ən fəal surətdə qoşularaq dini radikalizmə və dini ekstremizmə qarşı mübarizədə ümummilli birliyin daha da gücləndirilməsinə öz layiqli töhfələrini verirlər.

Bugünkü müsahibimiz – YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, professor Şəmsəddin Hacıyevdir. Onunla söhbətdə dünyada və cəmiyyətimizdə aktuallaşmış bu məsələlərə aydınlıq gətirməyə çalışmışıq.

-Şəmsəddin müəllim, dini radikalizm və dini ekstremizmin son dövrlərdə aktuallaşması nə ilə əlaqədar olmuşdur?

İlk öncə qeyd etmək istərdim ki, dini radikalizm və dini ekstremizm problemini yalnız müasir dövrə aid etmək düzgün olmazdı. Demək olar ki, tarixin müxtəlif dövrlərində zaman-zaman dini radikalizm və ekstremizm fenomeni müşahidə olunmuşdur. Onun yaranma tarixi çox qədimdir, araşdırsaq hardasa xristianlığın yarandığı ilk dövrlərə, bəlkə də ondan da əvvəllərə gedib çıxır. Din uğrunda aparılan müharibələr və ya din pərdəsi altında işğalçılıq siyasəti dini radikalizmin bariz nümunələridir. Sadəcə, müasir dünyamızda dini radikalizm və dini ekstremizm hallarının ildən-ilə coğrafiyası və miqyası genişlənmiş və onun fəsadları xeyli ağırlaşmışdır ki, bunların da həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Dini radikalizm və ekstremizmin bəzi siyasi, maliyyə, hərbi güc dairələri tərəfindən dəstəklənməsi və başlıca siyasi alət kimi onlardan istifadə edilməsi problemin aktuallığını daha da artırmışdır. Heç kimə sirr deyildir ki, bu gün qlobal təhlükəyə çevrilən əksər terrorçu-ekstremist və dini radikalist təşkilatlar və qruplar əsasən bu güc dairələri tərəfindən yaradılır, idarə olunur, ideoloji bazası formalaşdırılır, maliyyələşdirilir və onlara hər cür şərait yaradılır. Bu mənfur niyyətli dairələr insanların inanclarından, etiqadlarından və bu məsələdəki həssaslıqlarından öz maraqlarına uyğun şəkildə istifadə edərək ölkə daxilində qarşıdurma, xaos yaratmağa, ölkəyə və hakimiyyət dairələrinə təzyiqlər və təhdidlər etməyə cəhd göstərir, hətta suveren dövlətlərin ərazilərini də işğal etməyə nail olurlar. Bununla yanaşı, problemin həllini çətinləşdirən amillərdən biri də, radikalizm və ekstremizmə qarşı fəal mübarizəyə qoşulan ölkələrin, xüsusilə böyük dövlətlərin maraqlarının toqquşması və nəticə etibarilə, onların bu istiqamətdə vahid mövqedən çıxış etməməsidir.

Ümumiyyətlə, heç bir ölkə qlobal dünyamızda dini zəmində, din pərdəsi altında baş verən terrorizm, ekstremizm, separatizm və dini radikalizm kimi təhlükəli meyillərdən sığortalanmamışdır. Hər bir qlobal problem kimi, dini radikalizm, ekstremizm və terrorizm təhlükəsinə qarşı səmərəli mübarizə aparmaq bütün dünya ölkələrinin səylərinin birləşdirilməsini tələb edir.

-Ümumiyyətlə, dini radikalizm, dini ekstremizm nə deməkdir, onu hansı səbəblər doğurur və hansı formalarda təzahür edir?

İlk öncə qeyd edim ki, radikalizm və ekstremizm hər hansı baxışlara, konsepsiyalara ifrat və güzəştsiz bağlılığı ifadə edir. Daha çox sosial-siyasi sferada mövcud ictimai institutların zorla, köklü və qəti surətdə dəyişdirilməsinə istiqamətlənən ideya və fəaliyyətə münasibətdə bu termin işlədilir. Bununla yanaşı, bəzən “radikal mühafizəkarlıq” meyilləri də mövcud olur. Hazırda radikalizmin siyasi, dini və s. formaları geniş yayılmışdır. Formasından asılı olmayaraq radikalizmin mahiyyətində dayanan əsas ideya – öz məqsədinə nail olmaq üçün başqalarının hüquqlarını pozmaq, haqqını tapdalamaqdır.

Dini radikalizm də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe nümayiş etdirən, özlərinin dini baxışlarının yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən, yəni başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən bir davranış tərzidir. Yəni dini radikallıq əslində dinlərin mahiyyətindən deyil, birbaşa olaraq onların mənsublarının düşüncəsindən, psixologiyasından, əqidəsindən və tərbiyəsindən irəli gələn təhlükəli tendensiyadır.

Bu gün dünyada dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində, din pərdəsi altında ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törədilir, bu məqsədə çatmaq üçün qanunsuz silahlı birləşmələr və ya qruplar yaradılır, silahlı münaqişələr, terror fəaliyyətləri həyata keçirlir, amansız qətllər törədilir, bu cür fəaliyyətlər müəyyən dairələr tərəfindən dəstəklənir və maliyyələşdirilir və s. Bütün bunlar dini radikalist və ekstremist fəaliyyətin təzahür formalarıdır.

Ümumiyyətlə, dini dəyərlər əxlaqi, mənəvi dəyərlər sistemindən kənarlaşaraq siyasi ideologiya vasitəsinə çevriləndə və kütləvi surətdə dəstəklənən siyasi təşkilatlanma formasını aldıqda dini radikalizmin meydana çıxması qaçılmaz olur. Din və siyasətin birləşməsi, ilk növbədə dinin siyasi məqsədlər üçün istifadə edilməsinə səbəb olur. Lakin yaddan çıxarmamalıyıq ki, dinin əsas məqsədi insanların əxlaqi və mənəvi cəhətdən saflaşdırılması, tərbiyə edilməsidir və onun siyasi alətə çevirilməsinə qətiyyən yol vermək olmaz.

-Təəssüf doğuran hallardan biri də odur ki, bəzi Qərb dairələrində dini radikalizmi, dini zəmində baş verən terror hadisələrini islamla əlaqələndirirlər. Buna münasibətiniz necədir?

-Doğru qeyd etdiniz ki, bu gün dünyada, xüsusilə də Qərbdə radikalizmi, ekstremizmi, terrorizmi islamla bağlayan bəzi dairələr mövcuddur. Lakin bu tamamilə yanlış, qəbuledilməz və nəticə etibarilə radikalizmin daha da kəskinləşməsinə səbəb ola biləcək bir yanaşmadır. Möhtərəm Prezidentimiz İlham Əliyev dünyanın ən mötəbər, ən nüfuzlu tədbirlərində “Terrorizmin nə milləti, nə də dini var”, “İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir” ifadələrini vurğulamaqla öz çıxışlarında dəfələrlə islamın hər hansı bir qanuna zidd hərəkətlərlə əlaqələndirilməsinə qarşı çıxmış, bu cür yanaşmanı dəfələrlə pisləmiş, qınamış və bu çirkin fikirlərin tərəfdarlarına ən tutarlı, ən dolğun və ən layiqli cavabı vermişdir. Həqiqətən də, bu gün dünyada mövcud olan bütün dinlərdə din pərdəsi altında radikal meyilli cərəyanlar mövcuddur və bu, dinlər və məzhəblərarası dözümsüzlük, zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Ona görə də, terrorizmi hər hansı bir dinə və millətə bağlamaq böyük yanlışlıqdır.

Bu gün Qərbdə, xüsusilə Avropada islam və ekstremizm, islam və radikalizm, islam və terrorizm sözlərinin tez-tez bir arada işlədilməsini həm “Köhnə Dünyada” orta əsrlərdə mövcud olmuş köhnə hisslərin və təfəkkürün – islamofobiya, ksenofobiya, dini və irqi ayrı-seçkilik meyillərinin hələ də davam etməsinin, mənəvi böhranın daha da dərinləşməsinin təzahürü, həm də islam dininə mənfi münasibətin təbliği istiqamətində həyata keçirilən qərəzli, məkirli, məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Tarixdən də məlumdur ki, ilk dəfə “islamofobiya” termini XX əsrin əvvəllərində Avropada meydana gəlmiş və islam dininə mənfi münasibəti bildirmək üçün istifadə edilmişdir. İslam mədəniyyətinin digər mədəniyyətlərə təhlükə olması ideyasını təbliğ edən islamofobiya XX əsrin sonlarında, xüsusilə 2001-ci il 11 sentyabr terror aktından sonra daha da təhlükəli həddə gəlib çatmışdır. Belə ki, Qərbdə yaşayan müsəlmanlara qarşı ictimai həyatın bütün sferalarında diskriminasiya, ayrı-seçkilik münasibəti göstərilirdi, “Bütün müsəlmanlar terrorçu deyil, amma bütün terrorçular müsəlmandır” yanaşma tərzi ilə müsəlmanların radikalizmə və terrora meyilli olmasına dair yanlış ideologiya formalaşdırılırdı. Bununla yanaşı, 2011-ci il iyulun 22-də Norveçdə 90-a yaxın dinc insanın ölümü ilə nəticələnən məlum terror aktı Avropada islamofobiya meylinin gücləndiyini, müsəlmanlara qarşı dözümsüzlüyün, tolerant olmayan münasibətin hələ də davam etdiyini bir daha təsdiqlədi. İslamofobiya ilə bağlı, çoxlu sayda tarixi faktları misal çəkmək olar.

Lakin Qərbin bu məkirli dairələri yaddan çıxarmamalıdırlar ki, onlar islamofobiya, ksenofobiya ideyalarını təbliğ etmək və həyata keçirməklə Qərb dünyasının təhlükəsiz gələcəyini sual altına qoymuş olurlar, radikalizm, ekstermizm və terrorizmin genişlənməsinə zəmin yaradırlar. Elə son zamanlar Avropada miqrantlara, xüsusilə müsəlman miqrantlara olan münasibəti götürək. Bildiyimiz kimi, Yaxın Şərqdə, Ərəb dünyasında – Liviyada, İraqda, Suriyada və s. dəhşətli müharibələr törədilməsi, yüzlərlə şəhər və kəndlərin, qədim mədəniyyət abidələrinin, sivilizasiya nümunələrinin vəhşicəsinə dağıdılması və viran qoyulması, insanların hər şeydən, hətta yaşamaq hüququndan məhrum edilməsi nəticəsində milyonlarla insanın əsrlər boyu yaşadıqları torpaqları tərk etməyə məcbur etmış, onların qaçqına və miqranta çevrilməsinə səbəb olmuşdur. Avropaya pənah gətirən çoxlu sayda müsəlman miqrantların qeyri-insani münasibətlərlə rastlaşmaları, dini zəmində ayrı-seçkilik siyasətinə məruz qalmaları nəticəsində artıq hər şeyini itirmiş bu insanların radikal addımlar atmaları heç kimdə təəccüb döğurmamalıdır. Bu radikallıq onların məhz müsəlman olmasından deyil, Qərbin müsəlmanlara göstərdiyi radikal münasibətdən, dini etiqadından asılı olmayaraq bir insanın başına gətirilən fəlakətlərdən qaynaqlanan və İslam dininə heç bir aidiyyəti olmayan fakt kimi dəyərləndirilməlidir. Hərçənd ki, bu hallardan istifadə edən bəzi dairələr vəziyyəti daha da gərginləşdirir, İslam dininə qarşı geniş kompaniyalar aparır, aksiyalar təşkil edir, islamofobiya meyillərini daha da gücləndirirlər.

Bütün bunlar, bir daha radikalizmin, ekstremizmin, terrorizmin dinə, konkret bir millətə heç bir aidiyyəti olmadığını təsdiq edir. Müasir dünyada sabitlik, əmin-amanlıq, dayanıqlı inkişaf, sülh və həmrəyliyin yeganə yolu multikulturalizmdən keçir və bu gun müxtəlif millətlərin birgə yaşayışında, mədəniyyətlərarası və dinlərarası dözümlülüyün və tolerantlığın təmin edilməsində multikulturalizmin alternativi yoxdur.

-Azərbaycanda dini radikalizm, dini ekstremizm təhlükəsi nə dərəcədə ciddidir? Son dövrlərdə Nardaranda baş verən hadisələri bu kontekstdə necə qiymətləndirirsiniz?

-Bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dünyəvi dövlət modeli ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılır və daha da zənginləşdirilir. Dinin dövlətdən ayrı olmasını, eyni zamanda sağlam dövlət və din münasibətlərinin formalaşdırılmasını, tolerantlığın, multikulturalizmin insanların həyat tərzinə, hətta adət-ənənəsinə çevrilməsini ehtiva edən bu modelin tətbiq edilməsi dini radikal və ekstremist dairələrin ölkəmizdə siyasi proseslərə müdaxilə imkanlarını tamamilə məhdudlaşdırır. Azərbaycan ənənəvi islam ölkəsidir və əhalisinin əksər hissəsi İslam dininə etiqad edir. Bununla yanaşı, ölkəmizdə qeyri-islam dininə sitayiş edən yüz minlərlə insan yaşayır. Əsrlərdir ki, ölkəmizdə dinlərarası münasibətlər sağlam əsaslarla formalaşıb və dini baxımdan heç bir qarşıdurma, toqquşma baş verməyib. Azərbaycanda dini inanc və etiqad azadlıqları qanunlarla, Konstitusiya ilə təmin edilir, dövlət-din münasibətləri qüvvədə olan mövcud qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə tənzimlənir. Bu gün Azərbaycanı dünyada multikulturalizmin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzinə çevirən bu model çoxlu sayda dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanır və Azərbaycan modelinin öyrənilməsinə, yayılmasına, təbliğinə böyük maraq göstərilir.

Eyni zamanda ölkəmiz nəinki öz milli sərhədlərinin hüdudları daxilində, bütövlükdə dünyada dinlərarası, millətlərarası əlaqələrin inkişafında fəal roy oynayır, öz töhfələrini verir. Bu istiqamətdə Heydər Əliyev Fondunun və onun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Öz möhtəşəmliyi ilə digər idman yarışlarını kölgədə qoyan Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, dəfələrlə Beynəlxalq Humanitar Forumlarına, Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya dinlərinin liderlərinin Zirvə görüşünə ev sahibliyi etməsi, həmçinin qarşıdakı illərdə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin nəzərdə tutulması bir daha sübut edir ki, dünyada Azərbaycan qədər sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərin inkişafında həm maraqlı olan, həm də töhfə verən ikinci dövlət yoxdur.

O ki qaldı Nardaranla bağlı sualınıza, qeyd etmək istəyirəm ki, ümumiyyətlə, ölkəmizdə dini ekstremizm və dini radikalizm mövzuları son zamanlarda Nardaranda baş verən hadisələrlə bağlı aktuallaşmamışdır. Biz hər zaman bu riski nəzarətdə saxlamalıyıq. Çünki nə qədər ki, həm xaricdə, həm də daxildə ölkəmizin siyasi və iqtisadi sabitliyini, davamlı inkişafını, günü-gündən qüdrətlənməsini gözü götürməyən dairələr, qüvvələr mövcuddur, bu kimi risklər və təhdidlər də mövcud olacaqdır. Ona görə də radikalizm və ekstremizm kimi neqativ meyillərə qarşı daima qabaqlayıcı tədbirlər görülməlidir, mübarizə gücləndirilməlidir və o, qanunvericilik müstəvisində daha da sərtləşdirilməlidir.

Bunlarla yanaşı, qeyd etmək istərdim ki, Nardaranda baş verən hadisələrin dinlə heç bir bağlılığı yoxdur. Bir qrup radikallaşmış, kriminallaşmış dəstə Nardaranlıların dini inanclarından istifadə etməyə cəhd göstərərək, din pərdəsi altında dövlətimizə, konstitusiya quruluşumuza qarşı çıxmış, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa çalışmış, dövlət əleyhinə çağırışlar etmiş, hüquq-mühafizə orqanlarının tələblərinə məhəl qoymayaraq nümayişkaranə şəkildə qanuna zidd hərəkətlərə yol vermişlər. Qeyd edək ki, əvvəllər də Nardaranda bu cür hallar müşahidə edilirdi, lakin nədənsə bu məsələyə sanki bilərəkdən göz yumulurdu. Bəlkə də həmin dövrlərdə müvafiq tədbirlər görülsəydi, indi bu hadisələr baş verməzdi. Təbii ki, bütün bunların qarşısı alınmalı idi, alındı da və bundan sonra da alınacaqdır. Cənab Prezidentin müvafiq sərəncamları və göstərişləri əsasında məsələ tamamilə öz həllini tapmışdır və məlumdur ki, artıq Nardaranda mühüm sosialyönümlü tədbirlər həyata keçirilir, bütün rəsmi dövlət strukturları öz fəaliyyətini bərpa etmiş, ciddi quruculuq və abadlıq işləri həyata keçirilir. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 12 milyon manat həcmində maliyyə vəsaiti ayrılmışdır.

-Şəmsəddin müəllim, yaxın günlərdə Milli Məclisdə keçirilmiş iclasda dini ekstremizmə və radikalizmə qarşı mübarizə tədbirlərinin daha da sərtləşdirilməsi istiqamətində bir neçə qanun layihəsi qəbul edildi. Millət vəkili olaraq, bütün bunlara münasibətinizi bilmək istərdim.

-Azərbaycan Respublikasının Milli Məclisi həmişə olduğu kimi bu gün də ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində fəaliyyətlərin hüquqi müstəvidə tənzimlənməsini təmin edən qanunvericilik bazasını formalaşdırır, əhəmiyyətli qanunlar qəbul edir və ya mövcud qanunlara vaxtında müvafiq düzəlişlər edir. Bu mənada Milli Məclisdə yeni yaradılan – “İctimai birliklər və dini qurumlar” Komitəsi tərəfindən qısa vaxt ərzində müasir tələblərə cavab verən “Dini ekstremizmə qarşı mübarizə tədbirləri haqqında” Qanun layihəsinin hazırlanaraq Milli Məclisin plenar iclasında müzakirəyə təqdim olunmasını və onun millət vəkilləri tərəfindən yekdilliklə qəbul olunmasını xüsusilə qeyd etmək istərdim. Əminəm ki, bu Qanun sözügedən sahədə hüquqi bazanın möhkəmləndirilməsinə, dini ekstremizmə qarşı mübarizəni həyata keçirən dövlət orqanları, ictimai təşkilatlar və vətəndaşların hüquq və vəzifələrini, eləcədə ictimai və inzibati məsuliyyətlərini dəqiq müəyyən etməklə, bu sahədə baş verən bütün proseslərin və münasibətlərin qanun müstəvisində nizamlanması və tənzimlənməsinə tam şərait yaradacaqdır.

Bununla yanaşı, Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlara, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə dini ekstremizm və dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində müvafiq dəyişikliklər qəbul edilmişdir. Təsdiq olunmuş bu dəyişikliklərdə mübarizə tədbirləri daha da sərtləşdirilmiş, kəskin cəza tədbirləri nəzərdə tutulmuş, cinayət və inzibati məsuliyyət artırılmışdır. Bütün bunlar son dövrdə dünyada güclənməkdə olan, terrorizmə yol açan, xaosa və fəlakətə gətirib çıxaran dini radikalizm və dini ekstremizmin, insanların inanclarından sui-istifadə edilməsi hallarının ölkəmizə nüfuz etməsinin və onun xarici dairələrin dəstəyi ilə genişlənməsinin vaxtında qarşısının alınmasında mühüm rol oynayacaqdır və hesab edirəm ki, tam zamanında qəbul edilmiş qanunlardır.

Onu da təəssüf hissilə qeyd etmək istərdim ki, son bir həftə ərzində bəzi mətbuat səhifələrində qəbul olunmuş bu qanun layihələrini yanlış şərh etməyə ciddi cəhdlər göstərilir. Hesab edirəm ki, bundan sonra müvafiq dövlət orqanlarının, eləcə də ictimai birliklərin və dini qurumların əsas vəzifələrindən biri qəbul olunmuş qanunların düzgün şəkildə izah edilməsi və ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Bu işdə təbii ki, Siz jurnalistlərin, KİV nümayəndələrinin, mediyanın üzərinə də ciddi vəzifələr düşür.

-Ümumiyyətlə, gələcəkdə dini radikalizmə qarşı effektiv mübarizənin gücləndirilməsini nədə görürsünüz?

-İlk öncə qeyd edim ki, ölkəmizdə sistemli, ardıcıl və kompleks şəkildə dini radikalizmə qarşı mübarizə həyata keçirilir. Bu sahədə hüquq-mühafizə orqanlarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə uğurlu əməkdaşlığı çərçivəsində həyata keçirilən işlər təqdirəlayiq hesab edilməlidir. Düşünürəm ki, qarşıda görəcəyimiz işlər də az deyildir. Fikrimcə, mübarizənin effektivliyini daha da gücləndirmək üçün bir neçə əsas istiqamət üzrə ardıcıl və davamlı olaraq fəaliyyətimizi genişləndirməli və təkmilləşdirməliyik.

Birincisi, hər şeydən əvvəl, biz bu mübarizəyə ideoloji baxımdan hazır olmalıyıq. Yəni inanmıram ki, azərbaycançılıq, vətənpərvərlik, multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə alan, formalaşan və bu ideologiyaya sahib olan hər hansı bir şəxs, Azərbaycan vətəndaşı dini radikalist, dini ekstremist baxışlara qoşulsun və ya fəaliyyət göstərsin. Bu nöqteyi-nəzərdən hər bir ailənin, bütün həssas yaş dövrünü əhatə edən təhsil müəssisələrinin, kütləvi-informasiya vasitələrinin və mediyanın üzərinə böyük məsuliyyət düşür. Bu mənada təhsilin bütün pillələrində və səviyyələrində təhsil alanlara (uşaqlara, yeniyetmələrə və gənclərə) milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin, İslam dini və mədəniyyətinin düzgün olaraq daha mütərəqqi və təsirli vasitələrlə öyrədilməsinə böyük ehtiyac vardır. Hesab edirəm ki, bu məsələlərə aid dərslik və dərs vəsaitlərində müvafiq mövzulara bir qədər də geniş yer ayrılması, hətta tədris planlarında xüsusi kursların, fakültətiv fənlərin nəzərdə tutulması, İslam dini və milli-mənəvi dəyərlər mövzusunda müntəzəm olaraq debatların, dəyirmi masaların, konfransların, inşa, musiqi, rəsm və digər müsabiqələrin keçirilməsi, müxtəlif yaş qrupları üçün böyük tirajlarla İslam dini, onun tarixi, hüququ, fəlsəfəsi, iqtisadiyyatı və s. haqqında ədəbiyyatların nəşr edilməsi, filmlərin, videoçarxların hazırlanması, yayılması və s. bu kimi tədbirlərin ümumrespublika səviyyəsində reallaşdırılması güclü təsiredici effektə malik ola bilər və bu sahədə aparılan ideoloji işin uğurla həyata keçirilməsinə real zəmin yaradardı.

Ümumiyyətlə, ideoloji mübarizədə uğur əldə etməyin əsas şərtlərindən biri bu sahənin elmi bazasının gücləndirilməsidir və burada da alimlərimizin iştirakı mütləqdir. Möhtərəm Prezidentimiz İlham Əliyev bu məsələləri daima diqqət mərkəzində saxlamış və dəfələrlə Azərbaycan alimlərini bu işdə fəal olmağa çağıraraq öz çıxışlarında vurğulamışdır ki, Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları və dövlət siyasəti haqqında elmi əsaslandırmaların aparılması və böyük elmi əsərlərin hazırlanması zəruridir və cəmiyyətimiz üçün çox faydalıdır.

Bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, biz sivil və hüquqi dövlətdə, cəmiyyətdə yaşayırıq. Hesab edirəm ki, ikinci istiqamət kimi, mübarizənin inzibati-təşkilati və hüquqi yollarla davam etdirilməsi, qanunvericiliyin daha da təkmilləşdirilməsi, möhkəmləndirilməsi, radikal, ekstremist qrupların qanun pozuntularına, qanuna zidd hərəkətlərinə qarşı dövlət tərəfindən ən sərt tədbirlərin görülməsi vacibdir. Bu gün bu sahədə əhəmiyyətli işlər görülür və gələcək dövrlərdə də qanunvericiliyin daha da sərtləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilə bilər. Bir sözlə, qanunvericiliyimiz Azərbaycan xalqının həyat tərzinə çevrilmiş multikulturalist, tolerantlıq mühitini pozan, ona təhlükə doğuran ən xırda səbəb, hadisə və amilin belə vaxtında qarşısını almağa, qabaqlayıcı tədbirlər görməyə, radikal və ekstremist müdaxilələrə qarşı effektiv mübarizə aparmağa hər zaman hüquqi təminat yaratmalıdır və yaradır da.

Üçüncü mühüm istiqamət kimi, iqtisadi metodlardan istifadə oluna bilər. Bu zaman, dini radikalist və ekstremist fəaliyyətlə məşğul olan şəxsin, qrupun və ya təşkilatın maliyyə qaynaqları nəzərdən keçirilməlidir. Kimlərinsə gizli və ya qanuni yolla əldə etdikləri vəsaitlərdən, xüsusilə xarici mənbələrdən milli-mənəvi dəyərlərimizə qarşı istifadəyə imkan yaradacaq halların qarşısını almaq, din pərdəsi altında fəaliyyət göstərən, lakin dinlə heç bir əlaqəsi olmayan, dinə yad cərəyanların, məzhəblərin maliyyə mənbələrini birdəfəlik kəsmək və s. bu kimi məsələlər daima diqqət mərkəzində saxlanılmalı və müvafiq dövlət orqanları və dini qurumlar tərəfindən ciddi nəzarətə götürülməlidir. Bununla da, həm dini radikalist və ekstremist qüvvələrin havadarlarının ümidlərini puça çıxarmaq, həm də onların genişlənməsinin qarşısını almaq mümkün olar.

Dördüncü istiqamət kimi, maarifləndirmə işlərinin gücləndirilməsini göstərmək istərdim. Maarifləndirmə qeyd etdiyimiz bütün mübarizə istiqamətlərini əhatə etməlidir. Müasir dövrdə dini radikalizmə, ekstremizmə, fanatizmə və hər türlü ifrata qarşı mübarizədə əsas silah maarifləndirmədir desək, yəqin ki, səhv etmiş olmarıq. Siz də razılaşarsınız: savadsızlıq cəhalətə, cahillik fanatizmə, fanatizm radikalizmə, radikalizm ekstremizmə, ekstremizm isə terrorizmə aparan yoldur. Dini maarifləndirmənin gücləndirliməsi, dinimizin düzgün şəkildə insanlara aşılanması radikalizmin və digər neqativ dini meyillərin qarşısını alan ən güclü vasitədir. Bu zaman KİV, mediya ilə yanaşı, ilahiyyatçı alimlərin və din xadimlərinin üzərinə də böyük iş və vəzifələr düşür. Din xadimləri siyasətə qoşulmadan insanları əxlaqi və mənəvi cəhətdən saflaşdırmaq, tərbiyə etmək və s. bu kimi müqəddəs vəzifələri yerinə yetirməklə ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin milli-mənəvi tarazlığının və toleratlığının qorunmasında dövlətə yardımçı ola bilərlər. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrı olsa da, dövlət dindən ayrı deyildir. Din ictimai həyatımızın, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın, əxlaqımızın, mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Məhz buna görə də bu sahədə baş verən və ya baş verə biləcək hər hansı bir neqativ proseslərə qarşı dövlət biganə qala bilməz. Dövlət burada da öz düşünülmüş tənzimləyici, maarifləndirici və əlaqələndirici funksiyalarını yerinə yetirməlidir.

Ümumiyyətlə, sadaladığımız mübarizə istiqamətləri şərti olaraq bir-birindən ayrılır. Dini radikalizmlə və ekstremizmlə effektiv mübarizə bu üsullardan, metodlardan kompleks və sistemli şəkildə, ardıcıl və davamlı surətdə istifadə edilməsini tələb edir.

Müsahibənin “veteninfo.az” internet portalında linki