20 Yanvar faciəsinin ildönümü Səbail rayonunda silsilə tədbirlərlə anılır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər planı hazırlanmışdır.

Tədbirlər planına əsasən rayonun ali və orta təhsil müəssisələrində anım mərasimləri keçirilir, muzey və sərgi salonlarında fotosərgilər təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar fotostendlər düzəldilir. Anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunur. Yanvar ayının 18-də rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcək.

15 yanvar 2016-cı il tarixində Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon rəhbərliyi, “20 Yanvar Cəmiyyəti”, Sosial Müdafiə Fondu və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin rayonda yaşayan ailələri və faciə zamanı əlil olmuş sakinlərlə görüş keçirildi. Görüşdə ilk öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olub. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. İcra başçısı ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığını bildirib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev çıxışında 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olmuş ən qanlı faciələrdən biri olduğunu vurğuladı. Bildirildi ki, bu faciəyə ilk hüquqi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə və əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır.

Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlandı, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonda rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərildi və onlara ərzaq bağlamaları təqdim olundu.

Tədbirdə qeyd olundu ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki Cümə məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq, ehsanlar veriləcək.