YAP Səbail rayon təşkilatında 20 yanvar şəhidləri anıldı
20.01.201619 yanvar 2016-cı il tarixində YAP Səbail rayon təşkilatında “20 Yanvar faciəsinin 26-cı ildönümü”nə həsr olunmuş anım mərasimi keçirilib.
YAP Səbail rayon təşkilatının qərargahında keçirilmiş mərasimdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra 20 Yanvar hadisələrini əks etdirən qısametrajlı film nümayiş olunub.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev 26 il əvvəl Rusiya imperiyasının Bakıda törətdiyi qanlı cinayətdən danışıb və 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən böyük faciələrdən və qəhrəmanlıq səhifələrdən biri olduğunu bildirib. “Biz bu toplantıya daha çoxsayda gəncləri dəvət etməyə qərar verdik və görürəm ki, hazırda məni dinləyənlər arasında gənclər üstünlük təşkil edir. Bu gün yad etdiyimiz hadisələrdən 26 il ötür. Bizlər bu hadisələrin canlı şahidi olmuşuq, o faciəvi günləri yaşamışıq. Bu gün burada iştirak edən gənclərin əksəriyyəti isə bu hadisələr haqqında məlumatları yalnız izlədikləri sənədli filmlərdən və oxuduqları kitablardan əldə ediblər. Bu baxımdan o hadisələri bir daha xronoloji ardıcıllıqla sizlərə danışacam. O illərdə biz hamımız SSRİ adlı böyük imperiyanın vətəndaşları idik. Faciənin miqyasını artıran bir məqam da bu idi ki, heç kim dövlətin öz vətəndaşlarına qarşı silah işlədəcəyinə inanmırdı. Ancaq can vermək ərəfəsində olan imperiya öz dişini göstərdi. Tərkibində əksəriyyətinin erməni olduğu ordu bir neçə gün ərzində ölkənin müxtəlif yerlərində, Bakıda, keçmiş Əli-Bayramlıda (indiki Şirvan), Lənkəranda kütləvi qırğınlar həyata keçirmiş, nəticədə147 nəfər qəddarcasına qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
Hər kəsə məlumdur ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qarbaçov olub. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində 24:00-da komendant saatının elan olunması barədə sənəd Qarbaçov tərəfindən qabaqcadan imzalansa da əhaliyə bu məlumat bildirilməmişdi və gecə artıq şəhərdə qırğınlar başlamışdı. Dövlət televiziya və radiosunun yayım blokunun partladılması da təsadüfi deyildi. Bununla onlar Azərbaycanın səsini boğmağa çalışırdılar. Xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə olundu, dinc əhaliyə qarşı qəddarcasına rəftar edildi. Qırğınlar, həbslər yanvarın 21-inə kimi davam etdi. Məqsəd xalqın milli ruhunu sındırmaq, daha sonrakı məqamda ermənilərin ərazi iddialarını təmin edəcək milli münaqişələri qızışdırmaq və dövlətin idarəçiliyində xaos yaratmaq idi. 20 Yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Bu akt dövlətin öz xalqına qarşı həyata keçirdiyi terror aktı idi və buna görə də o nəhəng dövlət öz xalqı qarşısında nüfuz və etibarını itirdi.
Yanvarın 21-i izdihamlı, 1 milyon insanın iştirak etdiyi kütləvi dəfn mərasimi baş tutdu. Bakı, Azərbaycan, hamı ağlayırdı, ölkə qərənfil dəryasında idi. Dəfn mərasimində o vaxtki Azərbaycan Mərkəzi Kommunist Partiyası məmurlarından, rəhbərlərindən bir nəfər də olsun heç kim iştirak etmədi. 1 gün sonra Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova əli xalqının qanına qarışmış Qarbaçova qarşı çıxış etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar öz həyatlarını, canlarını Vətənimizin azadlığı, müstəqilliyi uğrunda qurban verən qəhrəmanlardır.”
Qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan Ş.Hacıyev bu hadisələrə ilk etiraz səsini ucaldan Dahi Liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra faciəyə siyasi qiymət verilməsi istiqamətində apardığı fəaliyyət barədə geniş məlumat verib. “1990-cı ildə bu hadisələr zamanı Ümummilli Lider Heydər Əliyev ev dustağı idi. O zamanlar SSRİ-nin on rəhbərindən biri olan Heydər Əliyev SSRİ Kommunist Bürosunun, Nazirlər Sovetinin birinci müavini vəzifəsindən istefa vermişdi. Evi tam nəzarət altında idi, telefon danışıqları dinlənilirdi. Lakin bütün bunlara baxmayaraq, Ulu Öndər 20 Yanvar faciəsinin səhərisi özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və baş verənlərlə bağlı ifşaedici və cəsarətli bəyanatla çıxış etmişdi.
Vaxt keçdi, ancaq Mərkəzi Kommunist Bürosundan, ölkə rəhbərliyindən heç kim bu hadisələr barədə heç bir qərar qəbul etmədi. Faciəyə ilk və tam dolğun siyasi və hüquqi qiymətin verilməsi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu.
Şəhidlərimiz dövlət müstəqilliyimiz uğrunda canlarından keçdilər və ölkədə milli oyanış, azadlıq uğrunda mübarizənin əsasını qoydular. Dəfn günündən sonra Azadlıq meydanına çıxan milyonlarla insan günlərlə SSRİ-dən ayrılmağı və Azərbaycanın müstəqil olmasını tələb etdilər. Nəticədə nəhəng imperiya dağıldı və Azərbaycan da daxil olmaqla 15 müstəqil respublika yaranmış oldu.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda vəziyyət çox ağır idi. 1 milyon 300.000 qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi problemi var idi, ölkədə hərc-mərclik, hakimiyyət uğrunda mübarizə gedirdi, iqtisadiyyat defolt vəziyyətində idi, ehtiyatlar tükənmişdi. Belə bir şəraitdə xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev bu gün gördüyümüz və fəxr etdiyimiz müstəqil Azərbaycan Respublikasını dağılmaq təhlükəsindən qurtardı və dövlətçiliyimizi möhkəmdirərək Azərbaycanı dinamik inkişaf yoluna çıxartdı.
Bu gün də Azərbaycanın müstəqilliyini istəməyən bir çox xarici qüvvələr mövcuddur. Bizlər qəhrəman şəhidlərimiz tərəfindən bizə əmanət olunmuş müstəqilliyimizi, iqtisadi-siyasi sabitliyimizi göz bəbəyimiz kimi qorumalı və cənab Prezidentimiz, ölkə rəhbərimiz ətrafında sıx birləşməliyik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm və əminəm ki, şəhidlərimizin qanları hesabına əldə etdiyimiz müstəqilliyimiz heç vaxt əldən verməyəcəyik.”
Çıxışının davamında YAP Səbail rayon təşkilatının sədri dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqətdən danışıb və qeyd edib ki, cənab Prezident İlham Əliyev həmin faciə zamanı həlak olan şəhidlərimizin ailələrinə və əlil olan vətəndaşlarımıza qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını daim diqqətdə saxlayır, onlara verilən sosial müavinət və təqaüdlərin məbləğini mütəmadi olaraq yüksəldir.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Keçmiş sovet imperiyası ordusu qarşısına sillahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri qəhrəmanlıq nümunəsi kimi daim yaddaşlarımızda qalacaq, əziz xatirələri ehtiramla anılacaq.
Anım mərasimi iştirakçıları faciədə şəhid olanlara Allahdan rəhmət diləyiblər.